“Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22.10.2021
“Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edəcək.

Mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqdır. Sözügedən təhsil proqramı unikal olaraq ali təhsil müəssisələri, dövlət qurumları və yerli və beynəlxalq bazarlarda müxtəlif böyük və kiçik şirkətlərlə sıx əməkdaşlıq vasitəsilə həyata keçiriləcək.

Mərkəzdəki unikal və sınanmış təhsil proqramı innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi ilə birlikdə hazırlanır. Təhsil proqramının tərkibində yerli və beynəlxalq univesitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur.

Yeni mərkəzdə  təklif olunan proqrama iştirakçılar onlayn müraciət prosesi ilə seçiləcək və sonda 30-40 (10 komanda)  nəfər iştirakçı təyin olunacaq. Seçim prosessində  “IE” Biznes Məktəbi dəstək göstərəcək. İştirakçılar formalaşmış startap ideyaları olmadan da proqrama qoşula bilərlər. Proqram həm fərdlərə, həm də formalaşmış startap komandalara açıqdır.

Qeyd edək ki, yaxın günlərdə mərkəzin ali təhsil müəssisələrində təqdimatı başlayacaq və ictimaiyyətə daha geniş məlumat veriləcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?