28 avqust 2021-ci ildə “Qarabağ: Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçirildi.

29.08.2021
28 avqust 2021-ci ildə “Qarabağ: Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçirildi.

28 avqust 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının, ELGER Beynəlxalq Elm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə  İsveçin Gothenburg Universitetilə birlikdə İsveçdə “Qarabağ: Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçirildi.
Zoom proqramı üzərindən gerçəkləşən beynəlxalq simpoziumu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının təmsilçisi Sərxan Cəfərov və Elger Elm və Təhsil Mərkəzinin Türkiyədəki təmsilçisi Dos. Ellada Gərayzadə açaraq simpozium iştirakçılarını salamladı, Universitetin və Mərkəzin adından tərəfdaş qurumlara təşəkkürünü bildirdikdən sonra plenar iclası başlatmaq üçün sözü Türkiyənin Kafkas Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölümü başqanı Dos. İlkin Qulusoya verdi.
Dos. İlkin Qulusoy da öz növbəsində belə bir simpoziumun açılışında moderatorluğu ona həvalə etdikləri üçün Mərkəzə təşəkkürünü bildirib, simpozium iştirakçılarını və təşkilatçıları salamlayıb simpoziumun işində uğurlar dilədi. Qarabağ zəfərinə həsr olunmuş belə bir simpoziuma böyük rəğbətin olduğunu və ümumilikdə 6 fərqli ölkədən (Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna, Rusiya) 170 dən çox müraciətin olduğunu, 95 məqalənin elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edildiyini söyləyən İ. Qulusoy bu sevinci Azərbaycan xalqına yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdarlığını dilə gətirdi, vətən uğrunda canından keçənlərə rəhmət, qazilərə şəfa dilədi.
İlk Qarabağa, Şuşamıza həsr olunmuş qısa video çarx göstərilib, daha sonra konfransın təşkilində əməyi olan qurum rəhbərləri – Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuru Guliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filalının direktoru Dos. Yusif Əliyev,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant, professor Heydər Piriyev, Azərtacın Türkiyə Bürosunun rəhbəri Dos. Sabir Şahtaxtı, AMEA Coğrafiya İnstitunun direktoru Dos. Zakir Eminov, Naxçıvan Müəllimlər İnstitunun prorektoru Dos. Çapay Quliyev söz alaraq çıxış etdilər və simpoziumun önəmini bir daha vurğuladılar.
Simpoziumun açılış hissəsindən sonar plenar iclas İsveçdə (Gothenburg Universiteti) çalışan dosent Saadet Kariminin moderatorluğunda davam etdi.
Daha sonar simpozium ümumilikdə 8 seksiyada (1. QARABAĞ, 2. ƏDƏBİYYATŞÜNASLIQ, 3. DİLÇİLİK, 4. PEDAQOJI ELMLƏR, 5. TARİXİ  VƏ SİYASİ ELMLƏR / FƏLSƏFƏ ELMLƏRİ/ KULTUROLOGIYA, 6. KIMYA-BIOLOGIYA ELMLƏRI / TEXNIKI ELMLƏR / İQTİSADİ ELMLƏR, 7. RİYAZİYYAT VƏ MEXANİKA / YER ELMLƏRI VƏ COĞRAFIYA, 8. MILLI TƏHLÜKƏSIZLIK  VƏ HƏRBI ELMLƏR / HÜQUQ ELMLƏRİ)  işini davam etdirdi. Simpozium maraqlı məruzələrlə yadda qaldı.
Qeyd edək ki, bu konfransın keçirilməsində məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaq və  Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi nin həqiqətləri haqqında fikir mübadiləsi aparmaqdır. Bununla yanaşı, bu konfransın keçirilməsinin ideyası gənclərin maariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?