Azərbaycan xarici siyasətində həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.
Qonşu ölkələrlə səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin mühüm əhəmiyyət kəsb etdiyi sahələrdəndir.
2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini daha sıx möhkəmlədib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir.
Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.
Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir.
Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.
Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.
Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar.
Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur
Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur;
Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığdır. Hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.
Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir.
Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir. Bu öhdəlik Rusiya və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir.
Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi güc, bacarıq və məharət tələb edir.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.