1 sentyabr, xatirə və reallıq…

22.05.2023
1 sentyabr, xatirə və reallıq…

Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda keçirdiyi brifinqdə səsləndirdiyi “Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı” ideyası  ürəyimcən oldu. Təxminən doqquz il bundan əvvəl qələmə aldığım fikirlərimi bir daha gözdən keçirib pedaqoji ictimaiyyətlə bölüşmək istədim.

***

Yaxın keçmişə qədər dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da dərslər sentyabrın 1-də başlayırdı. Həmin gün bizə elə gəlirdi ki, bütün dünya öyrənməyə başlayır. Yeni fəslin başlanması yeni dərs ilinin başlanması ilə necə də həmahəng idi! Sentyabrın ilk günlərindən payızın sərinliyi hiss olunur, günlər keçdikcə şagirdlər də məktəb həyatına uyğunlaşırdılar. Bu uyğunlaşma sentyabrın ortasına qədər davam edirdi.

“Sentyabr” sözü latınca “septum” – yeddi deməkdir. Yeddi bir çox mədəniyyətlərdə uğurlu rəqəm hesab olunur. Dünyanın yaradılışı, göyün yeddi təbəqəsi, həftənin günləri, səslər, rənglər və s. də “yeddi” ilə əlaqədardır. Sentyabr həm də payız fəslinin birinci ayıdır. İlin yeddinci ayı olsa da, “sentyabr” sözünün məzmununda müqəddəslik, “başlanğıc” mənası duyulur.

Bir faktı da qeyd etmək istərdim ki, yeniliyə açıq olmaq zəmanəmizin tələbidir. Lakin hər yenilik, həm də illərin sınaqlarından keçib gələn bir köhnəliyin üstündən xətt çəkmək deməkdir. Bütün ənənələri yeniliyə qurban vermək də insafdan deyil.

***

Dərslərin sentyabr ayının əvvəlində başlanmasının qədim tarixi var. Bu ənənə böyük çex pedaqoqu Yan Amos Komenskidən (1592-1670)  başlanır. Əvvəlcə, Komenskinin kim olduğuna qısa bir nəzər salaq, sonra sözümüzə davam edərik.

Çex pedaqoqu Yan Amos Komenski dünya pedaqoji fikrinin və məktəb sisteminin inkişafı və təkmilləşməsinə böyük təsir göstərmişdir. Leybnitsin fikrincə, Komenskinin pedaqoji elmin inkişafında xidmətlərini Dekart və Bekonun fəlsəfənin, Kopernikin də astronomiyanın inkişafında göstərdikləri ilə müqayisə etmək olar.

Komenski həm də didaktika elminə gətirdiyi yeniliklərlə məşhurdur. Dərs ili, onun rüblərə bölünməsi, sinif dərs sistemi, dərsin 45 dəqiqə olması, şagird biliyinin qiymətləndirilməsi və qeydə alınması, dərs gününün müddəti, yay tətili, ibtidai təhsilin altı yaşdan başlanması və s. bu gün də əhəmiyyətini saxlayan yeniliklər görkəmli pedaqoqun adı ilə bağlıdır.

 Komenski tərəfindən irəli sürülmüş tərbiyənin təbiətə uyğunluğu ideyası sonralar böyük pedaqoji nəzəriyyəçilər Russo, Pestalotsi, Disterverq və başqalarının yaradıcılığında da xüsusi yer tutmuşdur. Komenski qeyd edirdi ki, insan təbiətin bir parçasıdır və o, bitkilər, heyvanlar aləmində cərəyan edən ümumi qanunlarla fəaliyyət göstərir. Komenskiyə görə, “məktəbin dəqiq quruluşunu təbiətdən öyrənmək lazımdır”. Onun “Real aləm şəkillərdə” adlı kitabı bir çox ölkələrdə 150 il dərs vəsaiti kimi istifadə olunub. Böyük alman şairi Höte dərs aldığı həmin kitabı “nümunəvi kitab” adlandırmışdı.

Y. A. Komenski tərbiyənin roluna çox yüksək qitymət verərək deyirdi ki, tərbiyənin gücü ilə istənilən uşaqdan insan yaratmaq olar. Komenskiyə görə “Bütün dünya insanlıq üçün məktəb olduğu üçün hər bir fərdin ömür yolu beşikdən məzara qədər məktəbdir”.

Y. A. Komenski elmdə əyaniliyi çox yüksək dəyərləndirirdi. Kitablarında şəkil, qrafik, xəritə, cədvəl və s. Kimi əyaniliyə üstünlük verən ilk pedaqoqdur. Y. A. Komenski “Harvard”ın ilk prezidenti dəvətini alsa da, ömrünü məktəb və təhsil problemlərinə həsr edərək 200-dən atrıq əsər yaradıb.

Didaktikanın “qızıl qaydası” adlanan bu nəzəriyyəyə görə, hisslərlə dərk olunan hər şeyi hisslərə, görünəni gözlərə, eşidiləni qulaqlara, qoxunu buruna, dadı damağa həvalə etmək lazımdır. Əgər bu və ya digər təlim materialını bir neçə üzvün iştirakı ilə dərk etmək mümkündürsə, buna da imkan yaradılmalıdır.

Çox qiymətli pedaqoji irsinə hörmət əlaməti olaraq Y. A. Komenskini “Müasir təhsilin atası (Father of Modern Education) da adlandırırlar.

***

 Dərs ilinin dünyada müxtəlif vaxtlarda başlanması ölkələrin hava, iqlim, fəsil və adət-ənənələri ilə bağlıdır. Lakin əksər ölkələrdə, Cənub Yarımkürəsi istisna, dərslər sentyabrın 1-də başlanır. Yaxın qonşumuz Rusiya Federasiyasında 1935-ci ildən bəri bu ənənə davam edir. Estoniya, Sloveniya, İtaliya, İrlandiya, Tayvan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Somali, Efiopiya və başqa ölkələrdə də yeni dərs ili sentyabrın 1-də başlanır.

 ABŞ-da dərslər niyə sentyabrın 1-də başlanmır? – Bu, həmun ölkədə, adətən, sentyabrın birinci bazar ertəsində Əmək Gününün (Labour Day) qeyd olunması ilə bağlıdır. Həmin gün nəqliyyat sıxlığı problemlər yaradır. Bunu nəzərə alaraq, ölkənin bəzi yerlərində dərslər avqustun ortası və ya sonunda başlanır.

 Dərs ilinin iki həftə uzadılması, mənim fikrimcə, xeyirdən çox, zərər verəcək. Heç kəsə sirr deyil ki, aprel ayı bitər-bitməz Azərbaycanda, xüsusilə Bakıda havalar istiləşir. Bəzən 30 dərəcədən yuxarı istilər müşahidə olunur. Bu dövrdə əksər insanlarda, daha şox şagirdlərdə yaz yorğunluğu özünü göstərir. Sentyabrın əvvəlindən başlayaraq havalar soyumağa başladığı halda, iyunda temperatur getdikcə yüksəlir. Daha bir amil də yuxarıda qeyd etdiyimiz “uyğunlaşma” dövrüdür. Şagird və pedaqoji kollektivin tam səfərbər olması üçün ən azı iki həftə lazım gəlir. Bu o deməkdir ki, yeni dərs ilində sentyabr ayı yoxdur.

 Zehni əməyin yorucu olmasını da bunun üzərinə əlavə etsək, iyun ayında keçilən dərsin səmərəliliyi haqqında hansı müsbət rəqəmlərlə danışmaq olar? Bunun yerinə, dərs ilimizi on illər boyunca olduğu kimi, sentyabrın 1-də başlasaq, daha faydalı olar. Bu, həm şagirdlərimizin səhhəti, biliklərə yiyələnməsi, həm də yaxın-uzaq ölkələrlə uyğunluq baxımından əhəmiyyətlidir.

 Əgər Azərbaycanda dərs ilinin uzadılması sırf tədrisin yüksəldilməsi məqsədi ilə tətbiq olunursa, bunun üçün həm öz  pedaqoqlarımızın, həm də dünya təcrübəsinin potensialından bəhrələnmək olar.

 Tədris səviyyəsi dünya standartlarının üstündə olan ölkələrdə dərsin səmərəliliyini o səviyyəyə çatdırmağa çalışırlar ki, ev tapşırığına çox ehtiyac olmasın. Müəllimlər dərsi dərsdə elə mükəmməl öyrədirlər ki, ev tapşırığını minimuma endirir, ya da heç tapşırıq vermirlər. Bu məsələdə, fikrimcə, bizim müəllimlərimiz daha çox səriştə göstərə bilərlər, çünki Sovet dövründə “dərsi dərsdə öyrədək” prinsipi çox aktual idi.

Biliklərin səmərəli şəkildə öyrənilməsində dərsliklərin də rolu yüksəkdir. Dərsliklər həm əlavə məlumatlarla dolu olur, həm də dili o qədər ağır, akademik səviyyədə yazılır ki, bir neçə dəfə oxunmadan başa düşülmür.

Maddi-texniki baza da tədrisin səmərəliliyinin artırılmasında böyük rol oynayır. Gəncliyimdən dərsdə texniki vasitələrdən istfadəyə üstünlük verdiyimdən onların müəllim əməyinin yüngülləşməsində, biliyin intensiv öyrənilməsində və şagirdlərin marağını artırmaqda nə qədər əhəmiyyətli olduğundan xəbərdaram.

Pedaqoji kadrların hazırlanması daha ciddi amildir. Təcrübə göstərir ki, sözün əsl mənasında, müəllim hazırlamaq üçün, sadəcə, həmin fakültəni qazanan gənclərə diplom verib yola salmaq kifayət deyil, onları ən çətin bir sənətlə yaşamağa və onu yaşatmağa pedaqoji və mənəvi cəhətdən mükəmməl hazırlamaq lazımdır.

***

ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib (Alpanlı) Sədullayev,

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?