Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var

05.11.2022
Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var

Noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci sammiti başlandı. Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidentinin dəvəti ilə bu ölkəyə səfərə gedib. Dövlət başçımız sammitdə Fəxri qonaq statusunda iştirak edib. Regiondakı aktual məsələlərin, xüsusilə Liviya, Suriya, Yəmən, Fələstin böhranı, o cümlədən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərəb ölkələri arasında münasibətlərin gücləndirilməsi və bu sahədə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Xatırlamaq yerinə düşər ki, ƏDL-in son sammiti 2019-cu il aprel ayının əvvəlində Tunisdə keçirilmişdi. Bundan sonra koronavirus pandemiyası ilə əlaqədar təşkilatın sammiti baş tutmamışdı.
ƏDL 1945-ci ildə Qahirədə təsis edilib. Qərargahı Qahirədə yerləşən təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir. ƏDL-in tərkibinə 22 dövlət daxildir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat 400 milyondan çox insanın yaşadığı bölgəni əhatə edir. ƏDL-in Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir.
Şərqin bir hissəsi olan Azərbaycanın da ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində yazıb yaradıblar. Ölkəmizdə həmişə güclü ərəbşünaslıq məktəbi olub və SSRİ-nin dağılmasından sonra da Azərbaycanın ərəb dünyası ilə siyasi-iqtisadi əlaqələri, eləcə də humanitar sahədə münasibətləri inkişaf edib. Bütün bunlar da Azərbaycanla ərəb ölkələri arasında münasibətləri tələblər səviyyəsində formalaşdırmağa şərait yaradıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu 2005-ci ildə, Əməkdaşlıq Memorandumu isə 2014-cü ildə Ər-Riyad şəhərində imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. Xatırladaq ki, 2014-cü ildə Ər-Riyadda keçirilmiş ilk forumun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdı. Eyni zamanda, bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar forumların əhəmiyyəti qeyd edilmişdi.
2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində ƏDL-nin qərargahında o zamankı baş katib Amr Musa ilə görüşmüş, liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmişdi. Azərbaycan İslam həmrəyliyi prinsipini həmişə rəhbər tutması ilə seçilib. Eyni zamanda, bu xüsusda ölkəmiz ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənmiş addımlar atıb. Bununla yanaşı, Azərbaycan ərəb dünyasının haqq işini həmişə dəstəkləyib, Fələstinə, Yəmənə, Sudana və digər ərəb-müsəlman ölkələrinə humanitar yardımlar edib. Ərəb ölkələrinin cəmləşdiyi ƏDL də Azərbaycanın Qarabağ münasiqəşinin həlli istiqamətində apardığı haqlı mübarizəni həmişə təqdir edib, Ermənistanın işğalçılıq siyasətini pisləyib. 2012–2013-cü illərdə ƏDL Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləmişdi.
Azərbaycan həmişə İslam həmrəyliyinin vacibliyini vurğulayıb, dini adət və ənənələrin gücləndirilməsinin tərəfdarı kimi çıxış edib. Bakıda keçirilən İslam Oyunlarını da buna nümunə göstərmək olar. Həmin oyunlar İslam dünyasının birliyinin, tolerantlığının və sülhsevərliyinin mühüm göstəricilərindən birinə çevrilmişdi. Eyni zamanda, Azərbaycan dünyada müşahidə edilən islamofobiyaya qarşı da mübarizə aparır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı Prosesi müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib və qlobal dialoqu davam etdirmək imkanı yaradır. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Birləşmiş Millətlər Təşkilatı tərəfindən sözügedən sahədə önəmli beynəlxalq platforma kimi tanınıb.
Əlbəttə, Prezident İlham Əliyevin növbəti dəfə nüfuzlu tədbirə Fəxri qonaq kimi dəvət edilməsi dövlət başçımızın İslam dünyasında da yüksək nüfuzunun göstəricisidir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?