ADPU-nun Quba filialında yeni qəbul olmuş tələbələrlə görüş keçirilib.

09.10.2020
ADPU-nun Quba filialında yeni qəbul olmuş tələbələrlə görüş keçirilib.

Oktyabr ayının 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2020/2021-ci tədris ilində filiala qəbul olmuş 30 nəfərədək tələbə və onların valideynləri ilə filial rəhbərliyinin görüşü keçirilib.

Karantin qaydalarının tələblərinə uyğun şəkildə təşkil olunmuş görüş Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıldı. Filialın direktoru dosent Yusif Alıyev çıxış edərək əvvəlcə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən ordumuza və Ali Baş Komandan İlham Əliyevə Tanrıdan sağlıqlar və güc qüvvət arzuladı. Allahdan şəhidlərimizə rəhmət diləyib, Vətən müharibəsinin gedişatında qələbə xəbərləri ilə xalqımızın nə qədər sevindiyini diqqətə çatdırıb, rəşadətli Azərbaycan Ordusuna hər zaman güvəndiyimizi, hər birimizin vətənin müdafiəsində müsəlləh əsgər kimi hazır olduğumuzu bildirdi. Daha sonra filiala qəbul olunan bütün tələbə-gəncləri ADPU-nun rektoru professor Cəfər Cəfərovun və şəxsən öz adından təbrik edib, onlara bu ali təhsil ocağını seçdikləri üçün çox şanslı olduqlarını diqqətə çatdırdı. Bildirdi ki, bu tədris ilində filialı seçən abituriyentlərin keçid ballarında dinamika müşahidə edilir, belə ki, 10 nəfər tələbə 500-dən yuxarı bal toplayaraq müxtəlif ixtisaslarımıza qəbul olub. Dosent Yusif Alıyev çıxışında həm də filialda yenicə təmirdən çıxmış akt zalı, tədris auditoriyaları, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan tələbə klubları, filialın iş strukturları, onlar arasında əməkdaşlıq, onlayn tədrisin səmərəli keçirilməsi üçün istifadə edilən internet proqramları haqqında da qısa da olsa məlumat verib, yeni qəbul olunmuş tələbələri də fəal olmağa və filialın inkişafında pay əldə etməyə səsləyib.

Daha sonra tədbirdə filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, İKT şöbəsinin müdiri Yusif Abayev, dekan müavini Nübar Bayramova, Pedaqoji fakültənin TSPX ixtisası üzrə tyutoru Xəyalə Ələkbərova, TGT sədri Həcər Seyidəhmədova, Tələbə Koordinasiya Şurasının sədri Səbinə Nurməmmədova çıxış edərək filialda birinci kurs tələbələrini salamlayaraq, son zamanlarda həyata keçirilən yeniliklər, tələbələrə yaradılan hərtərəfli şərait, yeni layihələrin icrası və bu kimi digər məsələlərlə bağlı çıxış edib, bütün tələbə kollektivinə yeni tədris ilində uğurlar arzu ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?