Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalılarına daim xüsusi qayğı göstərirdi

15.06.2023
Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalılarına daim xüsusi qayğı göstərirdi

Ümummilli Liderimiz Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi. Heç kəs inkar edə bilməz ki, 1960-cı illərin sonu – 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında yüksəliş dövrü olub. Bu dövrü sözün tam və əsl mənasında Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Məhz bu illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapıb, mühüm incəsənət əsərləri yaradılıb, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olub, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkələrində yüksək peşəkar səviyyədə təmsil olunub.

Ulu Öndər deyirdi: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.

Ötən əsrin 70-90-cı illərində Bakıda və Azərbaycanın digər şəhərlərində mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra gözəl heykəltaraşlıq abidələri ucaldılıb. Monumental incəsənətlə yanaşı, Ulu Öndər Heydər Əliyev incəsənətin inkişafını istiqamətləndirən çıxışlarında, bədii ictimaiyyətin nümayəndələri ilə görüşlərində təsviri sənətə və klassik bədii irsimizə, miniatür sənətinə də həmişə böyük diqqət yetirirdi. Onun təsviri sənət haqqında söylədiyi fikirlər, ayrı-ayrı sənət ustalarının ünvanına göndərdiyi məktublar müasir estetik fikrimizin mühüm sənədləri və XX əsr Azərbaycan incəsənəti tarixinin öyrənilməsi üçün dəyərli mənbələr kimi əhəmiyyətə malikdir. “Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir.”

Böyük romantik şair və filosof H.Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması, Cavid məqbərəsinin tikilməsi, Bakıda böyük şair İmadəddin Nəsimiyə, Hüseyn Cavidə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Ulu Öndər Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürü idi. “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?