Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda iştirak edib

18.03.2023
Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda iştirak edib

Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq.

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub.

Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.

Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?