Üç söz (Həyatın içindən)

15.06.2023
Üç söz (Həyatın içindən)

     Munis müəllim əmisinin payız nəfəsindən pərişan yaşıl yarpaqlar kimi getdikcə dünyanı küskün baxışlarla seyr etdiyini duyurdu. Nə qədər deyib-gülsə də, – Dünənə baxanda bu gün daha yaxşı görünürsən, – deyə sevindirməyə çalışsa da, üzünə zorla yayılan təbəssüm yavaş-yavaş qara bulud kölgəsinə dönürdü.

     Son vaxtlar əmi ona müntəzəm baş çəkən qardaşı oğlunun arxasınca kiçik bir oğlan uşağının da gəldiyini “görür”, ancaq onun kimin uşağı olduğunu və nə üçün gəldiyini soruşa bilmirdi. Qardaşı oğlu ona yaxınlaşıb, əlini tutub sözə başlayan kimi dumanlı gördüyü uşaq qeyb olurdu. “Bir də gəlsə soruşacağam”,- deyib qərarlaşır, tez də unudurdu. Munis əmisi ilə halallaşmağa da çəkinirdi. Ancaq günlər keçir, vəziyyət ağırlaşırdı.

***

Qalın kitab kimi vərəqlənən keçmiş ömür yolu qəribə xatirələrlə canlanırdı əminin yaddaşında. Bəzi səhifələrə baxmaq istəmirdi, ancaq vərəqlər çevrilib geri qayıdır, gözlərini cəzb edirdi.

     İnsan günəş kimi doğub, hamını sevindirsə də, ağlı kəsəndən bir daha geri dönməyəcəyi qürubun yolçusu olduğunu dərk edir, yaş üstünə yaş gəldikcə bu həqiqətə daha çox inanmağa başlayır. Hər şeyi yoluna qoyub tamamlamışdı. Qızlarını köçürmüş, oğlanlarını evləndirmiş, kimə nəyin və nə qədər düşəcəyini həll etmiş, kəşməkeşli həyatın hər üzünü görmüş, kürə kərpici kimi bişib bərkimiş, bu günə də müəyyən qədər hazırlaşmışdı; yaxşı əməllərindən fərəhlənib, səhvəlrinin xəcalətini çəkib özünə görə hörmət və ehtiram qazana bilmişdi.

     Bu gün əmi bambaşqa görünürdü. Güclə qaldırdığı əli ilə Munisin yana əyilməsini, onun arxasındakının kim olduğunu öyrənmək istəyirdi. O, əmisinin niyyətini başa düşüb:      

    – Əmi, xeyir ola, arxamda heç kəs yoxdur, – deyib, tez də sayaqladığını sezdirməyinə peşman oldu.

     Əmi: – Elə deyil, bala. Neçə gündür onu görürəm, soruşmaq yadımdan çıxır. Bir az elə sənə…, – deyib susdu. Munis müəllim əmisinin əlini iki əlinin arasına alıb sığallayaraq: – Əmi, bax yenə deyirəm, könlün nə istəyirsə mənim bu iki gözüm üstdə. Aran-dağ demədən tapıb gətirəcəyəm.

    Sözün üstünə çıxan Sənəm əmidostu əlavə etdi: – Allah canını sağ eləsin, sən heç bir dəfə də olsun əliboş gəlmisən?

     Munis müəllim dil açdığı gündən “bibi” çağırdığı Sənəmə: – Elə demə, bibi, borcumuzdur, – deyə xəfifcə etiraz etdi.

*** 

     Əvvəlcə atadan, çox keçmədən anadan da yetim qalan uşaqlar, dul və özünün də yetimləri olan xalaya sığınmışdılar. Ürəyi dünyadan böyük xala istəmirdi ki, bacısının yadigarları öz köklərindən, ata əqrabasından ayrı düşüb, yad, arxasız böyüsünlər. Ona görə də onları tez-tez əminin evinə göndərir, onun uşaqları ilə oynamağı tapşırırdı. Kiçik Munisin qayğıya, sevgiyə, nəvazişə daha çox ehtiyacı vardı. O, yaşına görə zirək,  həyata açıq gözlə baxan, ünsiyyət qurmağı bacaran, heç kəsin xətrinə dəyməyən, mehribançılıq yaratmağa çalışan, diribaş bir uşaq idi. Əmi onları yetimlər evinə vermədiyi üçün Munisin xalasına kin bəsləyirdi. Özündən asılı olmayaraq onun bu ədalətsizliyi uşaqlara qarşı münasibətində də açıq-aydın hiss olunurdu.

    Xala israrla qarşı çıxıb: – Mən bu gün varam, sabah yox. Onların bir-birindən ayrı düşmələrinə razı ola bilmərəm, – deyib, uşaqları öz balaları ilə birlikdə böyüdəcəyinə söz vermiş və sözünü də kişi dəyanətilə tutmağı bacarmışdı.

***

    Soyuq bir payız günü Munis əmisi uşaqları ilə oynayıb evə çıxmışdı. Sənəm bibi onlara kasıbın olduğundan yemək-içmək də vermişdi. İşdən gələn əmi onu uşaqların arasında görüb, üstüörtülü şəkildə həyat yoldaşına deyindi: – Gorumuza çıraq tutacaqmış kimi lap başdan-başa keçirmisən bunu?

     Sənəm araya söz qatıb: – Yuyun gəl, çayını iç, canına isti düşsün, – desə də, evin istisinə baxmayaraq, Munisin balaca vücudunu haradan gəldiyini bilmədiyi bir soyuq bürüdü. Əmisi uşaqlarının onu qucaqlayıb ovundurmağa çalışmalarına məhəl qoymadan başını sallayıb, bütün dünyadan küsmüş halda çıxıb getdi.

     Xala bacısı oğlunun halından anlayıb, nə baş verdiyini soruşsa da, Munisdən sirr ala bilmədi. Günlər keçdi, onun da yaddaşının sancısı yavaş-yavaş səngidi, zamanın küləyinə qarışıb yox oldu. Əmigilə hərdən bir getsə də, ona, həyat yoldaşı və uşaqlarına qarşı sevgisi zərrə qədər də olsa azalmadı.

***

     Yaşlı xala hər axşam yatmazdan qabaq uşaqlara nəsihət verərək onları göründüyündən dəfələrlə çox mürəkkəb həyata hazırlamağa çalışırdı. Bu gün dedikləri bir neçə gündən sonra yadından çıxdığı üçün bir daha təkrar etdikdə belə uşaqlar onların yolunda canını verməyə hazır olan bu fədakar qadının sözünü kəsməz, ilk dəfə eşidirmişlər kimi maraqla dinləyər, sözünə qüvvət verərdilər. Eşitdikləri nəsihətlərin əksəriyyətini artıq əzbər bilirdilər:

     – Allahdan qorxun, doğrucul olun, yalan danışmayın.

     – Heç kəsdən heç nə ummayın.

     – Etdiyiniz yaxşılığı və kimdənsə gördüyünüz pisliyi mümkün qədər tez unutmağa çalışın.

    – Paxıllıq etməyin, kin saxlamayın.

    – Hər qaranlıq gecənin aydın səhəri də var, səbirli, təmkinli olun.

    – Sizlərə pislik edənləri siz yaxşılıqla utandırın və sair və ilaxır.

    Bu həyat dərsləri Munisgililn canına-qanına hopduqca onların şəxsiyyətləri parlayır, qonşuluqda, məktəbdə fərqlənib təriflənirdilər. Uşaqlar böyüdükcə ətrafdakıların onlara münasibətləri də dəyişir, hamı onların gözəl gələcəyinə, xalanın zəhmətinin bar verəcəyinə inanırdı, elə Munisin əmisi də tanınmaz dərəcədə dəyişmişdi. Hərdən Minisgilə “atam”, “atam balası” deyə müraciət edirdi.

***

     Ali təhsilini başa vurub işə düzələn Munisin düşüncələri bahar fəsli kimi təzələnmiş, bulaq suyu kimi durulmuşdu. Bütün qohum-əqrabalarını, daha çox da əmisini ziyarət edir, əmi uşaqlarını öz qardaşlarından ayırmırdı. Həm qardaşları, həm də özü ailə həyatı quranda, bir zamanlar çox soyuq münasibətinə baxmayarq, əmisi və xətirini çox istədiyi və “bibi” dediyi Sənəm əmidostunu da xalası ilə birlikdə məclislərinin başında görmək istəmişdi. Başqalarına bəslədiyimiz məhəbbət bəzən qaşqabaqla boylanır bizə. Buna məyus olmaqdansa öz ürəyinin sevgisilə həmdəm olub, qismətinə şükür etmək həyatın şirinliyini artırır. Ayağına batmış tikanı ömrün boyunca xatırlamağa dəyərmi? Onsuz da nifrət, kin öz yuvasını didib dağıdır.

 ***    

    Əmisinin vəfatı Munis müəllimin üryəyini yandırdı. Elə bil söykəndiyi dağ uçub yerlə yeksan olmuşdu. Bir neçə gündən sonra Sənəm əmidostu: – Əmin xahiş etmişdi ki, bu əmanəti çatdırım sənə, deyib ona bir neçə dəfə qatlanmış dəftər vərəqi verdi. Munis əvvəlcə açıb oxumaq istədi, nədənsə yenidən qatlayıb cibinə qoydu, ürəyi ilə söhbətləşməyə başladı:      

     – Görəsən, əmim nə yazıb, nə vəsiyyət edib? Yaxşı oğulları olduğu halda niyə məhz mənə yazıb?

***

     Maşını işə salmaq istəyirdi ki, əmisinin məktubu düşdü yadına. Bir neçə dəfə qatlansa da, üç söz yazmışdı əmi: – Munis, əmini bağışla.

    Dönə-dönə oxuyaraq əminin bu üç kəlməni nə üçün yazdığını xatırlamağa çalışdı. Qəbirstanlığın yanından keçərkən əyləyib, yaddaşını vərəqlədi. O acı xatirə  dumanlı gecədə uzaqdan güclə sezilən işıq kimi yavaş-yavaş ona tərəf yaxınlaşmağa başladı. O zaman onu üşüdən sözlərdən fərqli olaraq vərəqə güclə oxunacaq xətlə yazılmış üç kəlmə söz böyük bir tonqala dönüb onu alovuna qərq etdi.

    Maşından düşüb qəbirstanlığa daxil oldu. Əmisinin məzarına sarılıb: – Eşit, ay rəhmətlik əmim, mən səni çoxdan bağışlamışam. Axı hər boynuna sarılanda yaxşı xatırlamadığım atamın qoxusunu alırdım səndən. Niyə bədgüman getdin, niyə? Nə qədər nəfəsim var, Allahın səni bağışlaması üçün dua edəcəyəm. Arxayın yat, yuxun şirin olsun…

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər  kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?