ADPU Quba filialında yaz imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinə başlanıb

09.06.2021
ADPU Quba filialında yaz imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinə başlanıb

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yaz imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günlərinin iyul ayının 5-dək hər həftənin cümə günü keçirilməsi nəzərdə tutulub.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan görüş filial barədə sosial çarx və tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın nitqi ilə başlanıb. O, yaz imtahan sessiyası çərçivəsində keçirilən “Açıq qapı” günləri barədə məlumat verib. Appelyasiya komissiyasının işi, imtahana qədər görülən işlər, imtahan prosesinin təşkili məsələlərinə aydınlıq gətirib.

Daha sonra çıxış üçün söz filialın direktoru dos. Yusif Alıyevə verilib. Direktor qeyd edib ki, “Açıq qapı” günlərinin təşkili imtahan prosesinin şəffaflığını nümayiş etdirmək, universitet və valideyn arasındakı körpünü möhkəmləndirmək məqsədi daşıyır. O, pandemiyanın ilk mərhələsində tədrisin kəsilməzliyini təmin etmək məqsədilə “Qafqaz TV” ilə əməkdaşlıq şəraitində keçirilən mühazirələr, mühazirələrin elektron versiyalarının filialın rəsmi portalında yerləşdirilməsi və s. məsələlərdən bəhs edib. Yusif Alıyev tələbələrin sosial həyata, akademik mühitə inteqrasiyası istiqamətində filialda görülən işlərdən danışıb. Qeyd edib ki, valideynlərə övladlarının təhsili barədə mütəmadi məlumatların verilməsi filialın fəaliyyətində əsas prioritetlərindəndir.  Bununla yanaşı, filialda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, tələbələrin elmi-tədqiqata cəlbi istiqamətində görülən işlər və s. barədə məlumat verib. Valideynlərə tələbə-müəllim münasibətlərindən danışıb. Qeyd edib ki, sessiya imtahanları hər zamankı kimi şəffaf şəkildə təşkil olunub və istənilən müdaxilənin yolverilməzliyi təmin edilib.

Daha sonra imtahanların açıq şəkildə nümayiş etdirilməsi məqsədilə ayrı-ayrı qruplardakı imtahan prosesi onlayn formatda müşahidə olunub.

“Açıq qapı” günü valideynlərin təklif və problemlərinin dinlənilməsi, sualların cavablandırılması, direktor və valideynlər arasındakı diskussiya şəraitində davam edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) Quba filialında cari imtahan sessiyası Azərbaycan Respublikasının təhsil nazirinin “2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 08 may 2021-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında həyata keçirilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?