14 oktyabr 2019-cu il tarixində ADPU Quba filialında Azərbaycanda ilk qadın şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmlər doktoru, tanınmış alim, professor Aida İmanquliyevanın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirin aparıcısı, filialın kitabxana şöbəsinin müdiri Samirə Hacıyeva tədbiri açıq elan edərək çıxış üçün sözü Quba filialının direktoru dosent Yusif Alıyevə verdi. Dosent Yusif Alıyev giriş nitqinə başlamazdan öncə Aidə İmanquliyevanın və uzun illər şərqşünaslıq sahəsində Aidə xanımla birgə tədqiqatlar aparmış ömrünün 77-ci ilində dünyadan köçmüş akademik Vasim Məmmədəliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Y.Alıyev öz çıxışında qeyd etdi ki, həyatda elə insanlar var ki, önlar bu dünyadan köç edəndən sonra da onların adları yüzillər boyunca yaşayır. Məhz Aidə xanım da elə insanlardandır ki həyatda əldə etdiyi böyük nailiyyətlər, elmdə qazandığı uğurlar sayəsində özündən sonra gələn nəsillərin qəlbində əbədi yaşayacaq. Aida xanım Azərbaycan elminə böyük yeniliklər gətirmiş, Azərbaycanda şərqşünaslıq məktəbinin yaradıcılarından biri kimi tanınır. Onun yazdığı əsərlər, etdiyi tərcümələr bu gün də Azərbaycan elmi ictimaiyyəti üçün böyük əhəmiyyətə malikdir. Məhz buna görə də Aida İmanquliyevanın irsinin öyrənilməsi baxımından belə silsilə tədbirlərin keçirilməsi gənclərdə milli-mənəvi dəyərlərin, elmə marağın formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Həmçinin Aidə xanım nümunəvi Azərbaycan xanımı kimi gözəl bir ailə başçısı olmuşdur. Akademik Arif Paşayevlə ailə həyatı quran Aidə xanımın ailəsində Birinci vitse-prezident Mehriban xanım Əliyeva, akademik Nərgiz Paşayeva kimi şərəfli və ləyaqəqtli övladlar böyüyüb, tərbiyə almışdılar, – deyə dosent Y.Alıyev qeyd etdi.
Sonra Quba rayon Gənclər və idman idarəsinin müdiri Mustafa Nöhbalayev, filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Eyvaz Şeydayev, Kəmalə Bayramova məruzələrlə çıxış edərək professor Aidə İmanquliyevanın həyat və elmi fəaliyyətindən, idarəetmə bacarıqlarından, elmə gətirdiyi yeniliklərdən bəhs etdilər. Aida İmanquluyevaya həsr olunmuş videoçarxın nümayişindən sonra filialın tələbələrindən Şəbnəm Ragimova, Ayşən Hüseynova və Bənövşə Poladova şeir nümunələri ilə çıxış etdilər.
Mənbə: ADPU Quba filialı
Müəllif: Mətbuat xidməti