1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu İnsanlarda böyük coşqu hiss olunurdu, onlar bütünlüklə quruculuğa, respublikada başlanan inkişaf proseslərində yaxından iştirak etməyə, müsbət dəyişikliklərə öz töhfələrini verməyə səfərbər olunmuşdular. Bütün bu canlanmanın mərkəzində isə Ulu Öndər Heydər Əliyevin böyük nüfuzu, şəxsiyyəti, unikal idarəçilik qabiliyyəti dayanırdı. Respublikanın yeni rəhbəri mütəmadi qaydada regionlara səfərlərə gedir, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirir, insanları narahat edən problemlərlə maraqlanır və onların həllinə nail olurdu. Təsadüfi deyil ki, həmin illərdə respublikamızın iqtisadiyyatı əsaslı şəkildə möhkəmləndi, elm, təhsil sahəsində böyük uğurlar əldə olundu, milli mədəniyyətimiz yeni üfüqlər fəth etdi. Respublikada ulu öndər Heydər Əliyevin səyləri sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, yüzlərlə yeni müəssisənin işə salınması, 500 mindən artıq yeni iş yerlərinin açılması, aqrar sektorda üzümçülüyün, pambıqçılığın intensiv inkişafının təmin edilməsi, mədəniyyətimizin, incəsənətimizin xüsusi qayğı ilə əhatə olunması insanlarda vətənpərvərlik və özünəinam hissini artırırdı. Heydər Əliyevin şəxsiyyəti, cəmiyyətə ötürdüyü mütərəqqi ideyalar etnik və dini mənsubiyyətindən asılı olmayaraq respublikanın bütün sakinlərini yüksək amallar uğrunda birləşdirirdi. Uzaqgörən siyasətçi olan Heydər Əliyev insan amilinə daha çox diqqət yetirir, gender məsələsini nəzarətdə saxlayır, gənc kadrları qabağa çəkir, istedadlı alimləri, rəssamları, yazıçıları, bəstəkarları yüksək dövlət mükafatları ilə təltif edirdi. Respublikamızda azərbaycançılığın da bünövrəsi elə həmin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində qoyuldu.
Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Azərbaycanı həm də böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.
Beləliklə, bütün həyatını doğma Vətəninə xidmətə həsr edən Ulu Öndər Heydər Əliyev xalqın inamını özünə qaytardı, respublikada əmin-amanlıq mühiti yaratdı, tarixi dövlətçilik ənənələrimizi yaşadaraq daha da zənginləşdirdi, Azərbaycanı, onun iqtisadiyyatını, mədəniyyətini beynəlxalq səviyyəyə yüksəltdi.
• Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs hələ uzun illər bundan sonra da müstəqil Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artmasına, xalqımızın daha yüksək rifahının təmin olunmasına xidmət edəcək. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün respublikamızda dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Xalqımızın taleyində misilsiz rolu olan, Azərbaycanın müstəqilliyini və dövlətçiliyini təhlükələrdən qoruyan, ölkəmizi davamlı inkişaf yoluna çıxaran, möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanan Ümummilli Liderimizə olan vətəndaşlıq borcumuz, Onun xatirəsinə sonsuz ehtiramımız bu gün biz vətəndaşları da Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə sövq edir. Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da sözləri ilə desək: : “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”;
Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin!
Aysel Şeydayeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktor müavini