Qubanın Vətən müharibəsi Şəhidlərinə həsr edilən 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ adlı kitabın təqdimat mərasimi keçirilib

17.11.2021
Qubanın Vətən müharibəsi Şəhidlərinə həsr edilən 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ adlı kitabın təqdimat mərasimi keçirilib

Tədbirdə əvvəlcə 1 dəqiqəlik sükutla Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımız yad edilib
Filialın TGT -nın Təhsil məsələləri üzrə sədr müavini Şəhla Qafarovanın da moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə kitabın müəllifi ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədov haqqında məlumat verilib. Qeyd edilib ki, 69 illik ömrünün təxminən 50 illini gənc nəslin təlim tərbiyəsinə, onun maariflənməsinə sərf edən Ş.S müəllimliyi ömrünün bəzəyi sayır. Şixəmməd müəllim Qubada təkcə pedaqoji fəaliyyəti ilə deyil, həmdə zəngin dünyagörüşünə malik ziyalı və fəal ictimaiyyətçi kimi hörmət qazanmışdır. 1952-ci il fevralın 1-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Orta təhsilini 1969-cu ildə doğma kəndində almış, sonra Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmişdir. Tələbə vaxtı müəllimlərin sevimlisinə çevrilmişdir. Şixəmməd Seyidməmmədovun həyat yolu mənalıdır. O təhsil ictimaiyyətinin qaynar həyatı ilə birlikdə addımlayır, bütün varlığı ilə rayonumuzda, eləcə də respublikamızda təhsilin çiçəklənməsi üçün səy göstərir. Bunlarla bərabər ən önəmlisi, Şixəmməd müəllimin ailəcanlı olmasıdır. O , gözəl ailə başçısıdır, 6 övladı-3 qızı, 3 oğlu və həmçinin 14 nəvə babasıdır.
Daha sonra tədbirdə çıxış edən filialın direktoru dosent Y.Alıyev bildirib ki, müəllifin son bir illik hərb tarixinə ən böyük xidməti, yazdığı 44 günlük tarixi möcüzə” kitabıdır. O bu günümüzün diri şəhididir. O həmdə bu günümüzün şahididir. O, şahid olduqlarını, eşitdiklərini, gördüklərini, həzin kövrək pıçıltılarla qələmə alıb.
Şixəmməd Seyidməmmədov Quba şəhidlərinə olan borcunu QUBA ŞƏHİDLƏRİ və 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ kitabları ilə yerinə yetirib. Bu adi iş deyil, ağır zəhmətdir, ürək ağrısıdır. 44 günlük tarixi möcüzə. Bu adi kitab da deyil. 50 dastandır, 50 ağrıdır. Müəllif 50 nəfərlik igid soydaşlarımızın ömür yolunu özünəməxsus yığcamlı, kövrək, incə bir ruhla qələmə almış, 50 nəfər şəhid ömrü yaşamışdır.Bu səbəbdən filial rəhbəri olaraq lazımi dəstəyi göstərilmiş, ön sözdə də bütün fikirlərimiz qeyd edilmişdir.
Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri Dos. Güləddin Həmzəyev də kitab haqqında fikir söyləyib, maraqlı təkliflərlə çıxış edib.
Daha sonra tədbirdə qeyd edilib ki, ADPU-nun Quba filialının dekanı hörmətli Qələmşah İdrisovun da Zəfər Çələngi adlı kitabı Müzəffər Ali Baş Komandannın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsinə həsr edilib.Əslində bu kitabların nəşri bir daha onu sübut edir ki, filialda tədrisin keyfiyyəti kimi gənclərin təlim və tərbiyəsi də hər zaman daim diqqətdə saxlanılır, bir an belə nəzərdən qaçırılmır. Həm də 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ kitabında təkcə Şəhidlər haqqında yazılara yer verilməyib, həm də bu 44 gün ərzində öz mənəvi dəstəyi və qələmi ilə Ordumuzun yanında olan şair ruhlu insanların fikirlərinə, şeirlərinə də yer verilib. Və daha sonra kitabda şeirləri yer alan və bu müddət ərizndə hər zaman öz vətənpərvərliyi ilə tanınan filialın əməkdaşları Qələmşah İdrisov, Qabaqcıl təhsil işçisi Rahib Alpanlı, ictimaiyyətçi, AYB üzvü Nəhayət Şirinova da öz fikirlərini qeyd etmiş, müəllifə yeni uğurlar arzu etmişlər.
Sonda müəllifə filialın rəhbərliyi tərəfindən gənc nəslin vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə görə Fəxri fərman təqdim edilib.
Ş.Seyidməmmədov da ona göstərilən bu diqqət və qayğıya görə filial rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkür edib, bütün söylənilən fikirlərin onun üzərindəki məsuliyyəti biraz da artırdığını diqqətə çatdırıb.
Tədbirdə həmçinin filialın tələbələrinin çəkdikləri rəsmlər nümayiş olunub, müəllifin həyat və yaradıcılığına, Şəhidlərimizə aid hazırladıqları videoçarxlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?