14 dekabr 2022-ci ildə ADPU-nun Quba filialının təşkilatçılığı ilə “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” II Beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 14 dekabr 2022-ci il tarixində hibrid formada “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” II Beynəlxalq elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi, ADPU rektoru professor Cəfər Cəfərovun 14 noyabr 2022-ci il 3/195 nömrəli əmrinə əsasən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin 374 nömrəli 23 noyabr 2022-ci il tarixli əmri ilə həyata keçirilən konfrans regionlarda ali təhsilin inkişafına, kadr potensialının yüksəldilməsinə, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması baxımından təşkil edilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Plenar iclasda giriş nitqi ilə çıxış edən moderator, filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev ADPU-nun rektoru prof. Cəfər Cəfərovu, konfransda iştirak edən Qırğızıstan Respublikasının Elm və təhsil nazirini, yerli və xarici universitetlərin rektorlarını, alimləri və araşdırmaçıları salamlamış, müasir Azərbaycan Respublikasının qurucusu və memarı dünya şöhrətli siyasətçi Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər.
Dosent Yusif Alıyev qeyd etmişdir ki, konfransın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün tanınmış alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını sinergetik formada tapmağa xidmət etmək olmuşdur. Həmçinin qeyd etmişdir ki, bu məqsədlə konfransa ümumilikdə 11 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Yəmən, Liviya, Əlcəzair, Özbəkistan, Qırğızıstan, Moldova) olmaqla 79 iştirakçı müraciət etmiş, göndərilən məqalələrdən 58-i elmi heyət tərəfindən konfransda məruzə edilmək üçün qəbul edilmişdir.
Daha sonra giriş məruzəsi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfər qeyd edib ki, son 20 ildə Azərbaycan Respublikasının beynəlxalq siyasətində uğurlu nailiyyətlər vardır. Ötən dövr ərzində Azərbaycan BMT təhklükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmiş və bir il müddətində bu mötəbər quruma sədrlik etmişdir. Həmçinin Azərbyacan dünyada böyük siyasi təşkilat olan Qoşulmama Hərakatına sədrlik edərək özünün dolğun siyasi mövqeyini ortaya qoymuşdur. Vətən müharibəsindən böyük Zəfər qazanaraq qalibiyyət qazandıqdan sonra Prezident cənab İlham Əliyev türk birliyinə və islam dünyası ölkələri ilə əlaqələrə böyük önəm vermişdir. Dost və qardaş Özbəkistana, Qırğızıstana və Əlcazairə yaxın zamanda həyata keçirdiyi səfərlər zamanı biz bu əlaqələrin şahidi olmuşuq. Azərbaycan Respublikasının uğurları təhsil sahəsində də görünməkdədir, belə ki, ölkənin pedaqoji kadr hazırlığında ilk sırada yer alan ADPU və onun filialları da bu sahədə uğur qazanmışdır.
Beynəlxalq konfransda sinxron tərcüməni filialın Ədəbiyyat və dillər kafedrasının müəllimləri f.f.d Elmira Əliyeva və b/m Sərxan Cəfərov həyata keçiriblər.
Daha sonra Türkiyənin Qars Kafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, Moldovanın Tiraspol Dövlət Universitetinin rektoru professor Eduard Kropseanu, Pakistanın Pəncab Universitetinin Coğtafiya departamentinin direktoru professor Səfdər Əli Şirazi, Əlcəzairin Bouira Universitetinin dekanı professor Məhəmməd Celoul Zaadi, Rusiyanın Nijnevartovsk Dövlət Universiretinin rektoru professor Sergey Qarlov, Təbriz Universitetinin Beynəlxalq əlaqələrşöbəsinin müdiri professor Khalil Vəlizade, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Azəf Zamanov, Yəmənin Ərəb İttifaqı Akademiyasının prezidenti Dr. Məhəmməd Əli Əhməd Humran, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru dosent Mohirux Xoşimxuyayeva, Dağıstan Dövlət Texniki Universitetinin rektoru dosent Nurməhəmməd Surakatov, Liviyanın Afrika Təhsil Akademiyasının Prezidenti dosent Əbdülsalam Əli Əhməd, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru dosen Obidcan Şafiyev çıxış edərək konfransın əhəmiyyətindən və region universitetlərinin inkişafına dair təklif və proqram xarakterli layihələr təqdim etdilər.
Plenar iclasdakı çıxışlardan sonra konfrans iki bölmə üzrə “online” şəkildə öz işini davam etdirmişdir. Konfransın l bölməsinə dosent Gülşən Ağabəy, doktorant Pərvanə Rzayeva, II bölməyə isə professor Hacəli Nəcəfoğlu, dosent Amaliya Həsənova rəhbərlik etmişlər. Bölmələrdə ümumilikdə 55 məruzə dinlənilmişdir.
Qeyd edək ki, konfransın materialları həm PDF şəklində həm də kitab formasında çap ediləcəkdir.