Quba filialında şəhid adına auditoriya açılıb

Sentyabrın 15-də II Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən olan şəhid Nuran Akif oğlu Mirzəyevin adına yaradılan ingilis dili auditoriyasının açılışı olub. Auditoriyada şəhidin həyat yolunu işıqlandıran, hərbi fəaliyyətini əks etdirən, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və Quba rayon şəhidlərinin əks olunduğu stendlər yer alır.
Açılışda Filialın direktoru dosent Yusif Alıyev, şəhidin atası Mirzəyev Akif, anası Mirzəyeva Təranə, digər şəhid vaıideynləri, şair və publisist Ramiz Qusarçaylı, Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, filialın struktur rəhbərləri, müəllim və professor heyəti, əməkdaşları, tələbələr iştirak etmişdirlər.
Tədbir Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı şəhid olan əsgərlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Tədbiri giriş sözü ilə direktor dosent Yusif Alıyev açaraq şəhid Nuran Mirzəyevin döyüş yolundan, qəhrəmanlıqlarından geniş şəkildə danışdı. Açılış mərasimində çıxış edən rayon ictimaiyyəti nümayəndələrindən Ramiz Qusarçaylı, İldırım Məmmədov belə bir layihənin ərsəyə gətirilməsinin filialda aparılan ideoloji işlərin ən bariz nümunəsi hesab etdiklərini bildirdilər.
Belə bir ideyanın ərsəyə gətirilməsinə, gözəl, səliqəli, şəhidin adına layiq, qəhrəmanlıq yoluna uyğun auditoriyanın hazırlanmasına və tələbələrin ixtiyarına verilməsinə görə Nuran Mirzəyevin valideyinləri filial rəhbərliyinə, əməkdaşlara dərin minnətdarlıqlarını bildirdilər.
Allahdan Azərbaycanın müstəqilliyi, suverenliyi ərazi bütünlüyü uğrunda qanından, canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik