Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Şərəf” ordenli görkəmli yazıçı, şair, publisist Vidadi Babanlı ilə görüşə həsr olunmuş “Qələmin sehrində: xalqın ustad yazıçısı Vidadi Babanlı ilə səmimi söhbət” adlı hibrid formada tədbir keçirilib.
Əvvəlcə Vidadi Babanlının həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib, daha sonra tədbir Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edib.
Tədbirdə fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru “Qazax mahalı Azərbaycanın istedadlar və mərd insanlar ocağıdır:Vidadi Babanlı kimi” mövzusunda çıxış edib, görkəmli yazıçını dəvəti qəbul edib qoşulduğu üçün təşəkkür edib.
Tədbirdə Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimləri Eyvaz Şeydayev, dos.Gülşən Ağabəy Günəş Xudayarova müxtəlif mövzularda çıxışlar ediblər. Daha sonra tələbələrin ifasında V.Babanlının şeirləri səsləndirilib, əsərlərindən sitatlar gətirilib.
Onu da qeyd edək ki, tədbirə həmçinin onlayn formatda Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev də qatılıb, öz fikirlərini bölüşüb, tədbirin gənclər üçün əhəmiyyətini diqqətə çatdırıb, rəhbərlik tərəfindən bu istiqamətdə görülən işlərin davamlı olmasını arzu edib.
Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Şərəf” ordenli görkəmli yazıçı, şair, publisist Vidadi Babanlı görüşün təşkilatçılığına görə filialın direktoruna öz təşəkkürünü bildirib, bir yazıçı nəzərində Yusif Alıyevi qədirbilən Azərbaycan övladı adlandırıb.
Tədbirdə daha sonra filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələri Nübar Məlikova, Qızıl Zalova, Nəzrin Gülməmmədova, Filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Gülyanaq Əhmədova görkəmli yazıçıya suallar ünvanlayıb.