Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

16.01.2023
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Artıq görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq.

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın marağındadır. Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün.

Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə – Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil.

Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik. Burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var – həm ölkə daxilində, həm xaricdə. Bu səbəbdən də çox geniş proqram hazırlanır.

Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.

Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub.

Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.

2,6 trilyon kubmetr qaz bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü hasilata investisiya qoyulması zəruridir. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla qapalı məkanda qalacağıq.

Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.

Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.

“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər.

Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır.

Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Son bir il ərzində – mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.

2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq.

Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır.

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır.

Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?