2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməklə ölkəmizin inkişafında yeni bir mərhələnin təməlin qoydu.

12.10.2021
2003-cü il oktyabrın 15-də  İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməklə ölkəmizin inkişafında yeni bir mərhələnin təməlin qoydu.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;

            – Xalqın səsinin mütləq əksəriyyətini qazanmış İlham Əliyev. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Uğurların əsasında duran siyasi peşəkarlıq və milli maraqlar

Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlıq. Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı;

Ölkənin gələcək rifahını təmin edən addımlar. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi;

 

Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.

Müasir dövrün yeni lideri

– Prezident İlham Əliyevin liderlik fenomeni. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır;

Prezident İlham Əliyevin siyasətini səciyyələndirən dəyərlər. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi;

Dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərə almaqla ölkənin müasirliyi və qlobal təhlükələrdən qorunması təmin olundu. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi;

Demokratik inkişaf kursu. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

İnsan amili dövlət siyasətinin mütləq prioriteti kimi

2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir;

Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsi. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”;

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Müxtəlif sahələrdə davamlı və zəmanətli inkişafı təmin edən əsaslar

– Azərbaycan müasir beynəlxalq münasibətlərin nüfuzlu aktoruna çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir;

– Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir;

Atılan addımlar və qəbul olunan qərarlar sayəsində Azərbaycanın enerji strategiyası dünyanın diqqət mərkəzindədir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir;

Milli təhlükəsizlik strateji vəzifə kimi müəyyənləşdirilib və onun qorunması təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Burada informasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib;

            – İqtisadi sabitliyi təmin edən regionların sosial-iqtisadi inkişafı. Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir;

Azərbaycan iqtisadi tərəfdaş ölkə statusuna müvəffəq oldu. Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı;

Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisidir. Gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb;

– Yeni siyasi konfiqurasiyada dialoq amili. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olunmuşdur. Bu vaxta kimi 680-dək belə görüş keçirilmişdir. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir. İndiyədək qərargahı olmayan 22 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülmüşdür. Ötən müddət ərzində 25 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir. Həmçinin uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilmişdir və hazırda daha 2 yeni siyasi partiyanın qeydiyyata alınmasına baxılmaqdadır.

Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində müxtəlif media qurumları ilə yaradılmış əməkdaşlıq əlaqələri də qeyd olunmalıdır. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə “Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan” və “525-ci” qəzetlərdə dövlət siyasəti barəsində müxtəlif siyasi partiya liderlərinin mülahizələri dərc edilir. Bu məqsədlə “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” adlı həftəlik rubrika, “525-ci” qəzetdə isə “Siyasi dialoq” adlı xüsusi rubrika təsis olunmuşdur. İndiyədək siyasi partiya rəhbərləri qeyd olunan rubrikalar çərçivəsində siyasi dialoqla bağlı 50-dən çox məqalə ilə çıxış etmişlər. Bundan başqa, dialoqda iştirak edən siyasi partiya rəhbərləri, həmçinin “Xəzər TV”, “REAL TV”, İctimai Televiziya, “Space” və “Yeni TV” televiziya kanallarına müvafiq mövzular üzrə verilişlərdə çıxış etmələri üçün dəvət olunurlar. Sadalananlar Azərbaycanda siyasi dialoq mühitinin inkişafına töhfə vermiş real nümunələrdir.

Əməkdaşlıq və siyasi dialoq kontekstində siyasi partiyaların birgə bəyanat və müraciətlər imzalaması təcrübəsi xüsusi olaraq qeyd edilməlidir. Sözügedən təcrübə milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 birgə müraciət imzalanmışdır. Bundan başqa, 2021-ci il 17 mart tarixində ümumilikdə 75 nəfər olmaqla 48 siyasi partiya nümayəndəsi, politoloqlar, habelə media təmsilçilərinin iştirakı ilə Ağdam şəhərinə səfər təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə 2021-ci il 7 oktyabr tarixində 43 siyasi partiyanın rəhbər və nümayəndələri, politoloqlar, habelə media təmsilçilərinin – ümumilikdə 90 nəfərin  iştirakı ilə təşkil olunan səfər də bu qəbildən olan növbəti tədbirdir.

Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir.

– YAP-ın inkişafı. Aparılan islahatlar sayəsində və demokratik dəyərlərə sadiqliyin nəticəsində Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi ilk partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Cari ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir.

Böyük potensiala malik olan YAP Prezident İlham Əliyevin həmfikirləri və silahdaşlarını öz ətrafında birləşdirərək ölkədə peşəkar vətənpərvər kadrların yetişdirilməsində əsas siyasi birliyə çevrilmişdir.

 

Praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır!

 

Bütün yollar Qarabağın azadlığına aparır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı;

Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir;

Qarabağın bərpası və Böyük Qayıdış strategiyası. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?