Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edib

23.11.2022
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edib

Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi.

Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi.

Unudulmaz tarix. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı.

Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir.

Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.

2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq.

Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.

Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər.

Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır.

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik.

Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.

Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?