Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Dövlət başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcəkdir.
Əmək haqlıları Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırıldı. Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar qeyd olunan istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur. Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən: I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata və III dərəcə üzrə — 110 manatdan 120 manata çatdırılacaqdır.
Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.
Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcəkdir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir.
Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.
Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni Fərmanla bu təqaüd elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılır. Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılır. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat təşkil edəcək. Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq.
Ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək. Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata, “3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.
Yeni Sərəncamla fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3% artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20% artımla 100 manatdan 120 manata çatdırılıb.
Minimum əməkhaqqı 300 manata çatdırıldı, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırıldı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq.