Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

17.03.2022
Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.

Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.

Azərbaycanda çox gözəl investisiya iqlimi var. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq.

Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. “Masdar” şirkəti dost ölkəni – Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir.

Hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiya gücü isə artıq yaradılıbdır. Cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur.

Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılır. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.

Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir – təbii qaz, su, günəş və külək. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.

Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.

Azərbaycanın sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır.

Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası  ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.

Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillər. Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?