Müsbət inkişaf tendensiyaları. Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı çün zəmin yaradır.
Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti iki dəfə məktub göndərmişdir – həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Bu əlaqələrin həm böyük tarixi və həm də gözəl gələcəyi var.
Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada.
Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.
Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meylli deyil.
Sülh müqaviləsi. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib.
Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb.
10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür.
Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib.
Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir.
Minsk qrupuna ehtiyac yoxdur. 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub.
Altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb
Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb – hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s.
Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər – o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik.
Son müddət ərzində əməkhaqları artıb. Bu il orta əməkhaqqı 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir.
İqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər.
İqtisadi artım göstəriciləri. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir.
Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də – Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.