Prezident İlham Əliyevin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib

25.04.2022
Prezident İlham Əliyevin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib

Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir. Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir.
Tarixi missiya. Tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir. Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.
Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi.
Ədalətli Qələbə. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.
Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.
Milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız.
İnformasiya təxribatları davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqdır.
Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.
Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Azərbaycan məktəblərinin açılmasına hər zaman kömək göstəriləcəkdir. Ana dili əsas faktordur.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz.
Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəllidir.
Qarabağ münaqişəsinin həll edilməsi Prezident üçün başlıca vəzifə idi. 2003-cü ildən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi daim başlıca vəzifə olub və bütün güclər səfərbər edilmişdir.
Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur – nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur.
Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Kasıb ölkə bu pulu haradan əldə edib. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur.
Xalq-iqtidar birliyi. Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.
Müharibə dövründə – cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək.
Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır.
Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. Məntiqsiz və əsassız bəyanatlar verməklə danışıqlar prosesinə son qoyuldu. Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi.
Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi. Bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə xalqımız tarixi missiyanı yerinə yetirdi.
İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik.
Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi 3+3 formatda beş qonşu ölkə əməkdaşlıq formatını yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir.
Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, – onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, – azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.
Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, – titulu belə də gedib, – imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir.
Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı – Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, – bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?