Pedaqoji xoşbəxtlik

03.01.2024
Pedaqoji xoşbəxtlik

     Hər şeyi “qlobal” etiketi ilə adlandırmağa alışdığımız dünyamızda bircə “xoşbəxtlik” anlayışına bu təyini birləşdirmək mümkün deyil, bəlkə olacaq, bəlkə də yox. Ancaq xoşbəxtliyin əhatə dairəsi müəyyən ölkə, cəmiyyətlərə qədər genişlənə bilər. Məsələn, ölkəmizin Pedaqoji xoşbəxtlik

20%-nin otuz illə yaxın müddətdə işğaldan sonra Ali Baş Komandan, möhtərəm prezidentimiz İ. Əliyevin rəhbərliyi, çox dəqiqliklə hesablanmış strategiyası əsasında, ordumuz və xalqımızın sarsılmaz birliyi sayəsində azad olunub sürətlə bərpa edilməsi  Azərbaycan xalqı və bizləri ürəkdən sevənlər üçün əsl xoşbəxtlikdir.

    Həyatda xoşbəxtlik arzulamayan, onu axtramaq istəməyən insan ola bilməz. Müdriklərin dediklərinə görə isə xoşbəxtliyi axtarmaqla tapmaq mümkün deyil, çünki o, onu axtaran insanın daxilində, qəlbində, düşüncəsindədir. Türk dünyasının fəxri olan M.K. Atatürkün dediyi kimi, “yurdda sülh, cahanda sülh”. Daxilində tufan olan sakit havanı da təlatümlü hiss edəcək.

    Xoşbəxtliyin nisbiliyi də diqqətəlayiqdir. Kasıb bir komada da xoşbəxt olmaqla yanaşı, dəbdəbəli imarətdə də bədbəxtlik içərisində boğulanlar az deyil. Köynəyi belə olmayan xoşbəxt bir kasıb haqqındakı hekayəti hamımız bilirik. O, özünü bədbəxt his edən bir krala şəfa tapmaq üçün məsləhət bilinən köynəyinin belə olmadığını bildirəndə hökmdar o qədər ürəkdən gülür ki, xəstəliyindən əsər-əlamət qalmır. Dərman kimi axtardığı köynəyi tapa bilməsə də, dərdinin şəfasını tapıb sarayına qayıdır.

    Xoşbəxtlik  ruhi rahatlıq, davamlı məmnunluq, arxayınçılıq və s. vəziyyətləri əhatə etsə də, onun çalarları daha çoxdur. Planlaşdırdığı planı “uğurla” həyata keçirməyə nail olan oğru da, kiminsə əlinin, beyninin zəhmətini, süfrəsində kəsdiyi çörəyi itirən nankor da özünü xoşbəxt hesab edə bilər. Lakin bunlar keçici və ilahi cəzaya məhkum, heç kəsə arzu etmək istəmədiyimiz qısamüddətli “sevindirici” hallardır.

    Bir də insan kimi yaradılış missiyamızı ehtiva edən məsuliyyətlərimiz qarşısında mənəvi rahatlıq, emosiaonal məmnunlq verən xoşbəxtlik vardır. Pedaqoji xoşbəxtlik də onlardan biridir. Yunanca “paidagōgos” – “ágō” (rəhbərlik edirəm) və “paidos” (oğlan, uşaq) sözlərinin birləşməsindən ibarət olub, “oğlanlar üzərində nəzarət, uşağa rəhbərlik etmək” mənalarını verən pedagogikanı bəşəri memarlıq sənəti də adlandırmaq olar. Bu sənəti yaşadaraq, onunla yşayaraq cəmiyyətin aparıcı qüvvəsi olan müəllimlər də pedaqoji xoşbəxtlikdən öz nəsiblərini ala bilər və almalıdırlar. Bəs pedaqoji xoşbəxtlik nədir və o, yeni bir anlayışdırmı? İkinci hissədən başlasaq, pedaqoji xoşbəxtlik heç də yeni termin deyil, o elə müəllimin xoşbəxtliyindən başalyıb həyatın müxtəlif sahələrini əhatə edən pozitiv bir nəticə və səbəbdir.

    Başqalarının arzu və təkidi ilə müəllim peşəsini seçib, uzun illər müəllim kimi peşmançılıq içərisində çalışmalı olan çox sayda həmkarlarımız var. Onlar şərəfli peşə sahibləri olduqlarının deyil, aldıqları məvacibin sevinci ilə yaşayıb fəaliyyətlərinə davam edirlər. Müəllim və pedaqoji xoşbəxtliklər haqqında müxtəlif mülahizələr mövcuddur.                        

    Bütün fikirlərə hörmət bəsləyərək bu məsələyə öz nöqtey-nəzərimizdən yanaşmağa çalışacağıq.

Mənim müəllimim

    Orta məktəbdə illər boyunca müxtəlif müəllimlər dərs desə də, əksər şagirdlərin “mənim müəllimim” deyib seçdikləri müəllimlər olur. Belə müəllimlərin geyimi, danışıq tərzi, lövhədə yazdıqları, dəftər və gündəlikdəki imzası, başqalarına münasibəti və s. şagirdləri üçün nümunə, model olur. Çox vaxt şagirdlər elə bu müəllimlərin ardıcılları olurlar. Mən də “öz müəllimim”in ardıcılı olmuşam, həmişə onunla fəxr etmişəm. O, təqaüdə çıxmayınca öz kəndimizdə müəllim işləməyə cəhd etməmişəm. Uzun illər başqa kəndlərdə çalışıb əziz müəllimimin “çörəyinə bais olmaq” istəməmişəm. O zaman bəzi “yetirmələr” vardı ki, dünən müəllimi olduğu insanla bir-iki dərs saatı üstündə davaya çıxırdılar. Onlarla yetirməsi olan müəllimim, “ingilis” ləqəbilə tanınan Mustafayev Abdulməcid müəllim haqqında yazılarla çıxış edərək ona fəxri adın verilməsi üçün çalışdım, lakin o, layiq olduğu ən uca adla – xoşbəxt müəllim adı ilə yaşadı və yaşamaqdadır. Çoxsaylı yetirmələri bu gün də ona rəhmət oxuyurlar. Qəribə burasıdır ki, Abdulməcid müəllimdən sonra bircə nəfər də olsun xarici dil müəllimi yetişməyib məktəbimizdə. Əsl həqiqəti zaman sübut edir.

Yuxunu qaçıran hallar

    Pedaqoji xoşbəxtlik yaradan səsəblərdən biri də dərs dediyin uşaqlar üçün yaşamağı bacarmaqdadır. Bu zaman müəllim “müəllim kölgəsi” deyil, əsl müəllim olur. Müəllim əməyi dərs saatı ilə məhdudlaşmır. Dediyi dərs üzərində təfəkkür etmək, onun həyatla əlaqəsi, öyrənənlərə emosional təsiri və yaddaşda qalma ehtimalı və s. haqqında narahat olmaq, növbəti dərsləri daha mükəmməl etmək üçün nələrə ehtiyac olduğunu götür-qoy etmək müəllim əməyinin mühüm komponentləri və onun yuxusunu qaçıran məsələlərdəndir. Bütün bunlar üçün enerji mənbəyi isə müəllimin öz peşəsinə sədaqəti və sevgisindən güç alan şövqüdür. Belə müəllimlər dərsliyin qulu deyil, tədris etdiyi fənn və mövzunun “ağası” olurlar. Şagirdlər müəllimin onlar üçün nə qədər zəhmət çəkdiyini hiss edir. Müasir fərasətli şagirdlər dərslikdəki materialı və ondan qat-qat artığını öyrənmək üçün geniş imkanlara malikdir. Müəllim burada da nümunə olmağı bacarmalıdır. İstifadə etdiyi faydalı, etibarlı resursların mənbəyini şagirdlərinə bildirməlidir ki, müəllimin onlardan nə dərəcədə innovativ formada istifadə etdiyini görsünlər. Axı pedaqogika incəsənət növü kimi yaranıb inkişaf edib. Müəllimin narahatlığı heç vaxt bitməz. Rahatlıq, arxayınçlıq müəllimi nəinki zamanədən, dərs dediyi şagirdlərindən də geridə qoya bilər. İngilisəlr demişkən: – Winners never quit, quitters never win. (Qaliblər heç vaxt bəsdir demir, bəsdir deyənlər isə heç vaxt qalib olmur.) Mütaliə etdikcə, pedaqoji mühitdə öz müsbət yerini gördükcə müəllimin özünə inamı artır, xoşbəxtliyindən zövq alır, məktəb və cəmiyyətin xeyirnə daha geniş üfüqlərə hədəflənir.

Sevilmək sevməyi bacarmaq deməkdir

    Nifrət duman kimi dərələrdən-təpələrdən, dayana-dura yeridiyi halda, sevgi külək kimi bütün maneələri aşaraq qısa müddətdə ürəklərə yol tapır. Müəllimin öz peşəsinə, həmkarlarına, dərs dediyi şagirdlərinə, çalışdığı iş yerinə hörmət və sevgisi tez bir zamanda cəmiyyətdə də sərt qayalardan qopan səs kimi saf əks səda verir. İnsan haqları aktivisti, öz dövrü üçün ən gənc Nobel mükafatçısı Martin Lüter Kinq demişdir: Qaranlığı qaranlıq qova bilməz; onu ancaq işıq bacarar. Nifrət nifrəti qova bilməz; onu ancaq segi bacarar. (Darkness cannot drive out darkness; only light can do that. Hate cannot drive out hate; only love can do that.)

    Müəllim qarşısında əyləşən şagird həm də ailəsini və cəmiyyəti təmsil edir. Şagird şəxsiyyətinə hörmət, onun qayğı, maraq və meyillərini nəzərə almaq elə ailə və cəmiyyətə qarşı diqqətli olmanın nümunəsidir. Bu cür fəaliyyət ailə, cəmiyyətin diqqətindən yayınmır. Ailə və cəmiiyətin məmnunluğunu qazanmaq böyük uğurdur, pedaqoji xoşbəxtliyin təzahürüdür. Sahib olduğu elmin, mərifətin fəziləti könüllərə mayak olan müəllim özünü xoşbəxt hesab etməyə bilməz.

Tənqidi təfəkkür

    Tənqidi təfəkkür gördüyün işin keyfiyyətinə, nəticə məhsuldarlığına başqa nöqteyi-nəzərdən, ədalət prizmasından baxmaq, öz arqumentlərini analiz edib özünə qiymət verməyi bacarmaqdır. Özünü iki gömək işin keyfiyyətinə çox müsbət təsir göstərir: – biri özün, biri də sənin işinə qiymət vermək səlahiyyəti olan şəxs – vicdan aynası. Bu, işlətdiyin silahın sazlığını qorumaq qədər əhəmiyyətlidir.

    Hər bir dərs ssenaridir. Onun uğur qazanması təkcə rejissor – müəllimdən deyil, həm də aktyorların – şagirdlərin özlərini nə dərəcədə doğruldacaqlarından asılıdır. Ona görə də dərsə hazırlaşarkən ən zəif şagirdi belə nəzərə almaq, onun hərəkətə gəlməsinə təkan verəcək müəyyən fəaliyyət növləri hazırlamaq lazımdır. Axı müəllim təkcə yaxşı oxuyanı göylərə qaldırmaq üçün deyil, zəifləri də addım atmağa cəsarətləndirmək üçün müəllimdir. Görkəmli pedagogların qeyd etdikləri kimi, şagirdlərini ruhlandırmadan öyrətməyə çalışan müəllim, dəmiri qızdırmadan döyməyə çalışan dəmirçi kimidir. Ona görə də dərs planını düşünərək hazırlamaq müəllim və şagirdlərin rahat, nəticəyönümlü fəaliyyəti üçün optimal şərait yaradır. Bu bir həqiqətdir ki, dərsə müəkəmməl hazırlaşmaq, necə deyərlər, psixoloji təhlükəsiszlik, güvənlik yaradır.

Həmkarlar

    Müxtəlif fənləri tədris edən müəllimləri həmkarlıq birləşdirsə də, hər kəsin digərlərinin fikir və münasibətlərinə hörmətlə yanaşmadan pedaqoji xoşbəxtliyə nail olmaq mümkün deyil. Bir məsəldə deyildiyi kimi, başqalarından hansı münasibəti  görmək istəyirsənsə onlara o cür yanaşmağın  lazımdır.

    Tədris müəssisənin gözətçisindən tutmuş direktoruna qədər hər birinin ürəkdən gələn təbəssümü salamından qabaq dillənməlidir ki, günün səmimi atmosferindən hamıya pay düşsün. Dumanlı-çənli günlə günəşli günün insanın əhvali-ruhiyyəsinə təsiri eyni olmur. Ona görə də məktəb sevinc, fərəh yuvası olmalıdır.

Ruhlara hopan pozitiv enerji insanlararası münasibətlərə, evlərə, ailələrə siyarət edib ictiamiləşir.

Direktor

    İngilis dilində XV əsrdən işlənməyə başlayan “director” sözü Latın mənşəli olub, “yönəltmək, rəhbərlik etmək, düz saxlamaq” deməkdir. https://www.etymonline.com/

    Yaxşı məktəblər bəzən yaxşı müəllimləri və çox zaman da yaxşı direktorları ilə ünvanlanır. Mükəmməl olmayan,  müəllimlərini “qoruyaraq” illəri yola salan direktorun rəhbərlik etdiyi məktəbdə yaxşı müəllim belə rahat olub öz işindən zövq ala bilməz, bir çiçəklə yaz olmaz. Direktor analitik olmalıdır. Özünü vəzifə səviyyəsində hamıdan yüksək görsə də, əməli fəaliyyəti, özünün və başqalarının işinə məsuliyyətlə yanaşmalı, məktəbi “qaynar qazana” çevirməyi bacarmalı, müəlim və şagirdlərin ümid yeri, ən yaxın köməkçisi, dostu olmalıdır. Ailə, valideyn, ictimaiyyətdən ayrı fəaliyyət göstərən məktəb qanadsız quş kimidir.

    “Teacher” (Müəllim) jurnalı Sidney məktəblərindən birinə director təyin olunub möhtəşəm yenilikləri ilə məşhurlaşan müəllimə Melanie Macmillanın fəaliyyətini işıqlandıran geniş bir məqalə çap etmişdir. Ən maraqlı məqamlardan birinini, yuxarıda qeyd etdiyimiz, neçə-neçə direktorun faliyyətində gördüyüm məsələni dilimizə çevirirəm: – Biz çox əlçatanıq – hər hansı valideyn, hər hansı uşaq üçün istənilən vaxt hazırıq, istənilən sualla bizə müraciət edə bilərsiniz, biz məslələri daha tez bir zamanda həll edə bilirik. (…we’re very approachable – we’re there for any parent at any time, any child at any time, you can ask any questions, we can solve things really quickly…) https://www.teachermagazine.com/

    Adının mahiyyətinə uyğun olaraq, direktor hamını düzgün yola, doğru istiqamətə yönəltməyi bacarmalıdır. Doğrudur, “düzü düz, əyrini əyri” görəndə müəyyən ziddiyyətlər, qarşıdurmalar yaranır. Unutmaq olmaz ki, sakit dənizdə cəsur dənizçi yetişməz. Bir zamanlar direktor işləmiş hörmətli həmkarlarımdan biri deyir ki, təyin olunduğum məktəbdə müəllimlər gündəlik dərs planı hazırlamağı çoxdan arxivə göndəriblərmiş. Yeni direktor özü hər gün gündəlik planını masanın üstünə qoyaraq müəllimlərini də bu vacib işə həvəsləndirib alışdıra bilir.

    Bütün ziddiyyətlərin ümumi işin uğuru naminə qarşılıqlı anlaşma, etimad və hörmətlə həllinə çalışmaq direktorun məharəti, pedaqoji taktının göstəricisidir. Necə deyərlər, “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” (All for one, one for all) şüarı ilə komanda ruhu yaratmadan güclü kollektiv yaratmaq mümkün deyil.

    Öz səhifələrində məktəb, müəllim, direktor, şagird, valideyn, təhsilin müxtəlif problemləri haqqında maraqlı yazılar dərc edən, İngiltərənin “The Guardian” qəzetindən müəllimlərin öz drektorları haqqında anonim olaraq (başqa adlarla) yazdıqları bir neçə epizodla davam edək:

Aleks: “Qorxu hissi var”.

    Mənim direktorum qorxu ilə idarə edir. Köməklik göstərmək demək olar ki, heç mövcud deyil. Gəlib mənə birbaşa nə isə demək əvəzinə, o, məni bütün məktəbin qarşısında utandıracaq. Hətta, adımı da heç vaxt yadında saxlaya bilmir. İsətrdim ki, o, müəllim heyətinə daha çox güvənsin.

Hanna: “Özümü onun şagirdlərindən biri kimi hiss edirəm”

    Məktəbimizin direktoruna böyük hörmətim var – mənə elə gəlir ki, o, məktəbi çox gözəl şəkildə idarə edir.

    O, məktəbimizə uğurlar qazandırmışdır və onun əldə etdiyi nəticələrlə qarşı çıxa bilməzsiniz.

Simon: “O, koridorlarda işçiləri ilə salamlaşmır” 

    Müdirəmizlə münasibətim yaxşı deyil, çünki işçilər onun dediyi hər şeylə razılaşmadıqca o, koridorlarda onlarla salamlaşmır. Mən direktoruma demək istərdim ki, gentlmən və peşəkar olsun, çünki biz məktəb mühitində şagirdlərə nümunə olmalıyıq. Böyüklərin uşaqcasına davranmasının yeri deyil.

Eymi: “Mən o xanım haqqında səhv düşünmüşəm”

    Tezliklə başqa bir məktəbdə yeni işə keçirəm, amma direktorum üçün çox darıxacağam. Düzünü desəm, ona isinişməyim mənə üzun zamana başa gəldi. Əvvəlcə o, mənə zəhlətökən və kifayət qədər qeyri-səmimi göründü. Mənə həmişə elə gəlirdi ki, haqqımda yanlış fikirdədədir. Amma sonda biz bir az qarşılıqlı hörmət yaratdıq və indi görürəm ki, onun haqqında səhv düşünmüşəm.Əslində o, həqiqətən də yaxşı direktor və həm də sevimli insandır. Təəssüf ki, bu məqamə gəlmək çox vaxt çəkdi və indi mən ayrılıram.

    Bax belə. Deməli, pedaqoji xoşbəxtliyin səbəblərindən biri də yerində olan direktorla çalışmaqdır.

Məktəbin maddi-texniki bazası

    Maddi-texniki baza müasir təhsilin keyfiyyətinin təminatçısıdır. “Ford Motor” şirkətinin qurucusu (1903) H. Ford istehsal edəcəyi avtomobilin “Ən yaxşı materiallardan, ən bacarıqlı sənətkarlar tərəfindən, müasir mühəndisliyin imkanları daxilində istehsal edilməsini” əsas götürərək dövrünün avtomobil bazarına liderlik edə bilmişdi. http://www.manythings.org/voa/people/Henry_Ford-1.html 

    Zamanla ayaqlaşmağa çalışmaq və bacarmaq pedaqoji məmnunluq yaratmaqla yanaşı, dərsin intensivliyini artırır, az müddətdə çox iş görməyə imkan yaradaraq vaxtın səmərəliliyini təmin edir. Süni intelektin ən mükəmməl nümunələrindən olan komyuterlər belə “yenilənməyə” (refresh)  ehtiyac duyur. Daim yenilənməkdə olan texniki vasitələr müəllimin ən yaxın köməkçisidir. Ona görə də özünü “yeniləmək” müəllim üçün də mühüm əhəmiyyət kəsb edir. İşinin keyfiyyətli nəticəsindən razı qalmaq da xoşbəxtliyə aparan yollardan biridir.

Səhhət sərvətdən əhəmiyyətlidir

    Sağlam səhhət olmadan heç nəyə nail olmaq mümkün deyil. Heyif ki, onun qiymətini də itirəndə bilirik. Müəllim, işinin gərginliyinə baxmayaraq, şəxsi həyatı üçün kifayət qədər vaxt ayırmağa, xüsusilə də səhhətini qorumağa çalışmalıdır. Səhhətində problemlərlə ətrafa müsbət enerji vermək çox çətindir. Sağlam vücudda sağlam ruh olar həqiqəti heç vaxt köhnəlməyəcək. Müəllim xoşbəxtliyin əsas amillərindən olan həyat eşqi ilə işləməlidir.

    Xoşbəxtlik nisbi anlayış olsa da, ürəkləri bir an xoşbəxt olmaq arzusu ilə çırpınan o qədər insanlar vardır ki… Sənətini sevən hər bir müəllim çox da uzaqda olmayan pedaqoji xoşbəxtliyin zövqü ilə yaşamaq üçün əlindən gələni etməlidir.

PS: Sitatların tərcüməsi müəllifə məxsusdur.

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?