Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında payız imtahan sessiyasına start verilib
Bu gündən başlayan imtahan sessiyası 31 yanvar tarixinə qədər davam edəcək və bu müddət ərzində 39 qrup olmaqla 951 tələbə iştirak edəcək.
Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq iki növbədə təşkil olunub. İmtahanlar əvvəlcədən təyin edilmiş günlər üzrə səhər saat 09:00-da l növbə və günorta 14:00- da ll növbə təşkil olunub. Bildirilib ki, imtahanlar əyani olaraq yazılı formada keçirilir.
Hər gün üzrə minimum 10, maksimum 15 qrup üzrə imtahanlar təşkil edilib. Birinci növbə imtahanverən tələbələr nəticələri həmin gün, ikinci növbə imtahanverən tələbələr isə növbəti iş günündə nəticələri öyrənə biləcəklər.
Sessiya dövründə imtahanların təşkili və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan Qərargahı” fəaliyyət göstərir.
Payız imtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq Apellyasiya Komissiyası da yaradılıb.
Həmçinin imtahan sessiyasının başlamasına görə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev imtahanın gedişinə nəzarət edib və tələbələrə uğurlar arzulayıb.
İmtahanların keçirilməsi zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət edilir.
Tələbələrimizə imtahanda uğurlar arzu edirik!