Özünütəhsilin istiqamətləri

09.10.2023
Özünütəhsilin istiqamətləri

Özünütəhsilin istiqamətləri

Özünütəhsilbütünfəaliyyətsahələrində, daha çox da müəllim üçün xüsusi əhəmiyyət daşıyır, çünki o, özünü təkmilləşdirməyin əsas yoludur. Müəllimin özününtəhsili idmançının özünü həmişə formada saxlamağa çalışması kimidir. Yarışa qədər heç bir məşq etməyən idmançıdan hansı qələbəni gözləmək olar? Bütün peşələrin anası olan müəllim peşəsində durğunluq, yerində saymaq – geriyə addımlamaq deməkdir. Özünütəhsil müəllim üçün heç vaxt köhnəlməyən pedaqoji ehtiyacdır. Məktəb və ya universitetdə müəllimlərin öyrətdikləri ilə kifayətlənmək  inkişafın sonudur, Konfutsinin təbirincə desək, elm dünyasına “müəllimlər qapını açır, sən özün daxil olursan”. (Teachers open the door, you enter by yourself. – Confucius)

    Pedaqogika tarixi boyunca müəllimə verilən tələblər arasında ən çox səslənən özünütəhsil təkcə müəllim deyil, onun dərs dediyi şagirdlər və cəmiyyət üçün də faydalıdır. Pedaqogikanın atası adlandırılan Y. A. Komenski (1592-1670) həm ictimaiyyətin müəllimə hörmət bəsləməsini, həm də müəllimin cəmiyyətdə necə mühüm funksiya daşıdığını başa düşməsini tələb edir, müəllimin ən yaxın vəzifəsinin öz nümunəsi ilə şagirdlərini məftun etməyə çalışmasından ibarət olduğunu vurğulayırdı.(N. A. Konstantinov və başqaları “İstoriya pedaqogiki”, Moskva “Prosveşşeniye” 1982, s. 38)

    IX əsrin ortalarında alman burjua-demokratik peadqogikasının görkəmli nümayəndəsi F. V. A. Disterverq də sistemli özünütəhsilin böyük əhəmiyyətini  irəli sürərək (1790-1866) Y. Amos Komenskinin sözünə qüvvət verib müəllimə müraciət edirdi: – Sən yalnız öz təhslin üzərində işlədikcə başqalarına öyrədə bilərsən.

    Özünütəhsil müstəqil, heç kəsin nəzarəti olmadan həyata keçirildiyi, şəxsin daxili tələbatının ehtiyacından yarandığı üçün öyrənənlərə zövq verir. Lakin bu mühüm işə başlamaq o qədər də asan deyil. Yazmaq istədiyimiz bir materialın və yaxud oxumaq istədiyimiz bir kitabın uzun müddət “sabahlara” qaldığını çoxumuz görmüşük. Özünütəhsilin uzunömürlü və faydalı olması möhkəm iradəyə əsaslanır.

    Özünütəhsil müəllim nümunəsinin ən bariz göründüyü və dərs dediyi şagirdlərə siyarət etdiyi sahədir. Müəllimin elmi-metodoki səviyyəsi, təlimin texniki vasitələrindən səmərəli, faydalı internet resurslarından yaradıcı şəkildə istifadə etməsi öyrənənlərin ən çox diqqət yetirdiyi nöqtələrdir.               

    Dinamik dünyanın möcvud vəziyyəti, inkişaf istqamətləri, rəqabətli iqtisadi-elmi tərəqqi müəllimin həmişə canlı və yeni qalmasını tələb edir. Özünütəhsil vastiəsilə təkmilləşən müəllimin enerjisi tükənməz. Müəllimindən pozitiv enerji alan şagirdlər də öyrənməkdən yorulmaz, öz müəllimləri kimi çalışıb yetişərlər.

    Özünütəhsil yalnız pedaqoji ədəbiyyatın mütaliəsi, müəyyən mənbələrdən istifadə etməklə bitmir. Müəllimin mütaliəsi geniş miqyaslı olmalıdır. Mütaliənin kitab, qəzet, jurnal formasından istifadə etmək daha faydalı və yaddaqalan olur, lakin rəqəmsal vasitələrdən də üz döndərmək olmaz. Hər bir halda fəal oxucu olmağa çalışmaq lazımdır. Mütaliə zamanı götürülmüş müəyyən qeydlər gələcəkdə çox yararlı olur. Müəllim, bir növ, qlobal vətəndaşlığın ən fəal təmsilçisidir. Dünyanın əksər ölkələrində müəllimlər dərs dedikləri şagirdləri təkcə daxili ehtiyacı ödəmək üçün deyil, həm də istənilən xarici ölkədə sərbəst yaşayıb işləməyə hazırlayır. 

    Özünütəhsil işində təcrübəli müəllimlərin nümunəsi də çox əhəmiyyətlidir. Keçmişdə yeni fəaliyyətə başlayan müəllimlərə kömək məqsədilə onlara məktəbdə çalışan təcrübəli müəllimlərdən himayədar təyin edirdilər. Gənc müəllimlər onlardan icmal gündəlik tutmaq, elmi-metodiki səviyyələrini yüksəltmək üçün lazımi ədəbiyyat siyahısı, valideynlərlə əlaqə saxlamağın yolları, sinif, valideyn iclasları  və s. haqqında məsləhət alır, öz işlərində faydalanırdılar. Müasir gənc müəllimlər daha bacarıqlı və əlçatan resurslar  baxımından çox imkanlıdırlar, lakin bir var yazılan pedaqogika, bir də var təcrübənin sözü.

    Dediyimiz hər dərs, eyni zamanda, müəllimin özü üçün də dərs olmalıdır. Müasir pedaqogika müəllimdən öz fəaliyyətini, planlaşdlrdığı dərsin qarşıya qoyduğu məqsədlərə nail olma dərəcəsini qiymətləndirməyi tələb edir. Öz səviyyəsini müəyyən edə bilməyən müəllim şagirdlərin düzgün qiymətləndirilməsini obyektiv formada icra edə bilməz. Özündən razı olmaq inkişafın düşmənidir. Gərək, Mark Tvenin dediyi kimi, “aldığın rəsmi təhsilin öyrənməyinin yolunu kəsməsinə imkan verməyəsən”. (Never let formal education get in the way of your learning.)

    Özünütəhsilin həcmi və keyfiyyət dərəcəsinin yaş səviyyəsinə dəxli yoxdur. Gənc müəllimlər işə başlayanda daha çox öyrənməli olduqları kimi, müəllimin yaşı irəlilədikcə də daha çox öyrənməlidir, zaman və inkişaf yaşla hesablaşmır. Henri Fordun ibrətamiz tövsiyyəsi, zənnimizcə, heç vaxt yosun tutmayacaq: Öyrənməyini sonlandıran hər bir kəs, iyirmi və ya səksən yaşında olmasına baxmayaraq, qocadır. Öyrənməyə davam edən hər kəs cavandır. Həyatda ən böyük qazanc beynini cavan saxlamaqdır. (Anyone who stops learning is old, whether at twenty or eighty. (Anyone who keeps learning stays young. The greatest thing in life is to keep your mind young.)

    Özünütəhsil sadəcə bilmədiyini öyrənmək deyil, bildiyin bir şey haqqında yeniliyə münasibətində də özünü göstərir. Yaxşı tədris etdiyindən əmin olduğun bir mövzunun həmkarların tərəfindən necə təqdim olunduğu ilə maraqlanmaqla da bir şeylər öyrənmək mümkündür.

    Müəllim həmişə özünü gələcəyə hazlrlamağın qayğısı ilə yaşamalıdır. Təhsilin gələcəyi isə heç da asan olmayacaq. Süni intellektin sürətli inkişafı, online, vertual öyrənmənin ənənəvi sinif sisteminə nisbətən maddi, zaman, fərdi və hər kəsin qabiliyyətinə görə yanaşma imkanlarına, materialın saxlanması, onu digər mənbələrlə müqayisə etmək baxımından sərfəli olmasına görə geniş vüsət alması sabahın müəllimindən öz üzərində daha çox çalışmaq, bildikləri ilə kifayətlənməməyi tələb edir. Müəllim zaman baxımından həm ayıq, həm də çevik olmalıdır.

    Peşə təəssübkeşliyi və işlədiyin yerin nüfuzunu qorumaq və yüksəltmək hissi müəllimin özünütəhsilinə diqqətini artırır. Təvazökarlıqdan uzaq olsa da, çalışdığım – getdikcə gəncləşən, elmi potensialı yüksələn xətlə inkişaf edən, çoxsaylı nailiyyətlərilə ölkədaxili və beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edən ADPU Quba filalının işgüzar atmosferindən ruhlanıb, 67 yaşımda öz ixtisasım üzrə səviyyəmi könüllü olaraq yoxlamaq qərarına gəldim. Nüfuzlu beynəlxalq imtahanlardan biri olan IELTS imtahanından yetərincə bal toplayıb həm filialımızın, həm də tələbələrimizin etimadını qazanmağa çalışdım. Bu il sentyabrın 27-də İngiltərənin dünya şöhrətli “The Guardian” qəzetindən onun ən fəal qlobal oxucularından biri kimi aldığım təbrik də məni sevindirdi:

Congratulations on being one of our top readers globally – you’ve read 213 articles in the last year

    Yekun olaraq özünütəhsilin əhəmiyyətinə gözəl nümunələrdən birinə də nəzər salaq. ABŞ-ın 16-cı prezidenti A. Linkoln, yaxşı danışmağı və yazmağı öyrənmək üçün çox çalışırdı. Samuel Kirkhəmin “İngilis dilinin Qrammatikası” kitabı haqqında eşidəndə onun bir nüsxəsini əldə etmək üçün piyada altı mil yol getmiş, dəmirçi dükanında şam ağacı qırıntılarını yandırıb gecələr oxuyub. O, Birləşmiş Ştatların ən məşhur natiq və yazar prezidenti kimi qalıb tarixin yaddaşında. (Bryan A. Garner “The Chicago Guide to Grammar, Usage, and Punctuation” 2016 s.6)

    Ona görə də ingilislər “Bugünkü oxucular sabahın liderləridir” – deyirlər. (Today’s readers are tomorrow’s leaders.) 

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?