Özbəkistan universitetinin nümayəndələri Quba filialında oldular

17.04.2023
Özbəkistan universitetinin nümayəndələri Quba filialında oldular

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim və tələbə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına gələrək, filialın professor-müəllim və tələbə heyəti ilə görüş keçirmişdir.

Görüşdə ADPU-nun Filologiya fakültəsinin dekan müavini p.f.d. Könül Həsənova və Filologiya fakültəsinin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, ADPU-nun Quba filialının professor, müəllim və tələbə kollektivi iştirak edib.

Tədbir Özbəkistan Respublikasının və Azərbaycan Respblikasının Dövlət Himnlərinin ifası ilə açıq elan olunub. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi, f.f.d. Aytən Qurbanovanın moderatorluğu ilə davam edib. Tədbir Səma Asəfovanın ifasında şairə Mahirə Nağıqızının “Salam olsun” şeirinin səslənməsi ilə başlanıb.

Daha sonra açılış nitqi ilə fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev çıxış edib, görüşün əhəmiyyətini diqqətə çatdırıb, beynəlxalq əhəmiyyətli tədbirlərin Filialda keçirilməsinə yaradılan şəraitə görə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya dərin təşəkkür və minnətdarlığını ifadə edib, Azərbaycan və Özbəkistan rüspublikaları arasındakı ikitərəfli münasibətlərdən danışıb, qonaqları salamlayaraq, “Evinizə xoş gəlmisiniz”, – deyib.

Çıxış üçün söz ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovaya təqdim edilib. Mahirə xanım Hüseynova qardaş özbək xalqının nümayəndələri ilə səmimi görüşün təşkilinə görə filialın direktoru Y.Alıyevə və bütün kollektivə təşəkkür ünvanlayıb. Son illər istər siyasi, istər iqtisadi, iatərsə də təhsil sahəsində əldə edilən uğurlardan bəhs edərək bu işdə hər iki ölkə prezidentinin rolunu xüsusi vurğulayaraq bundan sonra da bu işlərin artan dinamila ilə gedəcəyini qeyd etdi. Sonra auditoriyanın çoxsaylı istəklərini nəzərə alaraq vətən və türkçülüyə aid şeirlər səsləndirib.

Daha sonra tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dilinin tədrisi fakültəsinin dekanı professor Saodat Muhamedova çıxış edərək təşkil edilən tədbirə və yüksək qonaqpərvərliyə görə direktor dosent Yusif Alıyevə və filial kollektivinə təşəkkür edib. Azərbaycan və Özbəkistanın qardaşlığının tarixinin dərinlərdən gəldiyini və qardaşlığa töhfə vermiş Nizami və Nəvai kimi dahilərin rolundan bəhs edərək bildirib ki, bu əlaqələr bundan sonra da davam etdirilməlidir. Sonra Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri , şair Ramiz Qusarçaylı çıxış edərək bu tədbirin multikultural dəyərlərə sahib Qubada keçirilməsinin önəmini qeyd etdi. Daha sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili

və Ədəbiyyatı Universitetinin müəllimi Zilala Xusayinova, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, pedaqogika üzrə fəlsəfə doktoru, filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva çıxış ediblər. Natiqlər qeyd ediblər ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Həmçinin elm, təhsil və mədəni əlaqələrin möhkəmlənməsi baxımından bu cür səfərlərin çox önəmli olduğu diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində Filialın AZD ixtisasının tələbəsi Cəvahir Qocayeva Mahirə Nağıqızının “Vətən” şeirini, XM ixtisasının tələbəsi Zemfira Davrişova “Sənsən” şeirini səsləndirib, TSP ixtisasının tələbəsi Nicat Piriyev tarda “Qarabağ şikəstəsi”ni, AZD ixtisasının ili tələbəsi Arzu Babayeva “Sarı gəlin” mahnısını, MTT və TM İBT ixtisasının tələbələri Tutu Bağırova, Pünhan Şamiloğlu özbək rəqslərini ifa ediblər.

Rəngarəng bədii nömrələrlə, türk dillərində səslənən şeirlərlə yadda qalan tədbir qonaqların yüksək marağına səbəb olub.

Sonda xatirə şəklləri çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?