Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

16.05.2021
Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

Bir müddət öncə, 7 may 2021-ci il tarixdə Şuşa şəhəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın “Mədəniyyət paytaxtı” elan edilmişdir. Bununla da Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri tarixən ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası hesab olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.

1992-ci il mayın 8-də erməni işğalçı hərbi qüvvələri Şuşa şəhərini işğal edərkən, burada xalqımızın tarixi-mədəni irsinə qarşı vandalizm siyasəti həyata keçirmişdir. Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

44 günlük Vətən müharibəsində ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Müzəffər Ali Baş Komandan bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir: “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu Öndər Heydər Əliyevin ən böyük hədəflərindən olmuşdur. Mədəniyyətimizin mühüm mərkəzlərindən olan Şuşanın qorunması ümumilli lider Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi isə özündə mühüm mesajlar ehtiva edir. 8 may 1992-ci ildən sonra ermənilər hər il həmin günü qələbə bayramı kimi qeyd edir, dünyanın müxtəlif yerlərində yaşayan ermənilər həmin gün fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazanmağa çalışır, şəhərin adını isə təhrif edərək “Şuşi” kimi təqdim edirdilər. Hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkumdur. Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” digər dövlətlərə də mesajdır. Ən mühüm mədəniyyət mərkəzlərimizin birindən Azərbaycan izini silmək üçün təəssüf ki, Ermənistanla yanaşı digər ölkələr də bilərək və ya bilməyərək iştirak etmişlər. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləmişdir: “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik”.

Ölkə Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

Bildiyimiz kimi, bir neçə gün öncə, mayın 13 və 14-də mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. Uzun illərdən sonra keçirilmiş budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş və Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilmiş, xalq mahnıları və klassik musiqidən geniş istifadə olunmuşdur.

Şuşanın  mədəniyyət mərkəzi elan olunmasının daxili auditoriya üçün verilən mesajları da var. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi: “Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidir. Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin”.

Hazırda Şuşa şəhərində çoxsaylı binalar təmir edilməklə yanaşı yeniləri də inşa olunur. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir olunan M.P.Vaqifin məqbərəsini, Şuşa şəhərinin rəsm qalereyasını, ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanasını, Şuşa Xalça Muzeyini bu siyahıya aid etmək olar. Bundan əlavə Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellərin yaradılması nəzərdə tutulur, istismar müddəti bitmiş “xruşşovka”larla bağlı tədbir görülür, o cümlədən Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpa edilməsini öz üzərinə götürüb. Bu tikililər sırasına cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya sonuncu səfəri zamanı təməlini qoyduğu təhsil və ibadət ocaqlarını da aid etmək olar.

Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa tarixini qorumaqla yanaşı, həm də müasir səviyyədə qonaqlarını qarşılaya biləcək. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və biz buna nail olacağıq!

ADPU Quba filialın təlim tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?