Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub

28.10.2021
Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Daha sonra çıxışında ölkə başçısı qeyd etdi:

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır.

2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı birliyin gücünün nümayişidir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir.

Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır.

Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.

Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?