Oktyabrın 25-də Quba rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Sonra tədbir iştirakçıları Quba Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha xatırladaraq söyləyib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar Yeni Azərbaycan Partiyasına olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası həm ölkə daxilində, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.
YAP İdarə Heyətinin üzvü Elnarə Akimova vurğulayıb ki, 30 illik yubileyə Yeni Azərbaycan Partiyası zəfər qazanmış bir ölkənin hakim partiyası olaraq daxil olur.Yalnız bu misilsiz qələbədə deyil, əslində, bugün partiyanın adı ilə bağlı olan hər bir dəyərli məqamda,uğur nailiyyətlərdə bütün çətinlikləri, irəliyə doğru addımları ilə birgə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müasir Azərbaycanın obrazı var. Partiyanın öz obrazının hüdudları vəhüdudsuzluğu da bu parametrlərdə görünür, gerçəkləşir.
Tədbirdə həmçinin Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin valideyini, partiyanın fəal gənci Tahirəxanım Rzayeva çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 il şərəfli yol keçən, qələbələr partiyası olduğunu vurğulayıblar.
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edilib.Təltif edilənlər sırasında filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva və filialın əməkdaşı,fəal ictimaiyyətçi Nəhayət Şirinova da olub.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
P. S. Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə başda Yeni Azərbaycan Partiyasının sədri Prezident cənab İlham Əliyev olmaqla bütün siyasi həmfikirləri, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynovanı, bütün partiya fəallarını filialın direktoru dosent Yusif Alıyevin və bütün filial kollektivinin adından səmimi-qəlbdən təbrik edirik.