N. Nərimanovun doğum gününə həsr olunmuş yubiley tədiri keçirilib

17.04.2021
N. Nərimanovun doğum gününə həsr olunmuş yubiley tədiri keçirilib

Bu gün ADPU Quba filialının Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli siyasi xadimi, publisist, nasir və dramaturq  Nəriman Nərimanovun doğum gününə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə Ədəbiyyat və dillər kafedrasının üzvləri, filialın kollektivi və tələbələr iştirak ediblər.

Saat 12:30-da Zoom platforması üzərindən, onlayn baş tutan tədbir direktor Yusif Alıyevin çıxışı ilə başlanıb. Yusif Alıyev N. Nərimanovun Azərbaycan tarixindəki müstəsna xidmətləri, ictimai fikir tarixində rolu barədə məlumat verib. Bildirib ki, SSRİ dövründə belə şəxslərə layiqli qiymət verilməsə də, sonradan onlar Azərbaycan tarixində öz yerlərini almışlar. Prezident İlham Əliyevin N. Nərimanovin 150 illiyinin qeyd olunması məqsədilə verdiyi sərəncam da ona qarşı dəyər və hörmətdən xəbər verir. Direktor həmçinin dövrün siyasi və coğrafi problemləri, Azərbaycanın siyasi xadimlərinə qarşı təşkil olunan qarayaxma kampaniyaları barədə məlumat verib. Azərbaycanın əzəli torpaqları olan Göyçə və Zəngəzurun Ermənistana verilməsi, xalqımıza qarşı tətbiq edilən siyasi ədalətsizliklərdən bəhs edib. Keçirilən yubiley tədbiri N.Nərimanovun fəaliyyətinə verilən dəyər kimi qiymətləndirilib.

Daha sonra Nəriman Nərimanovun siyasi və publisist fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Nəriman Nərimanov publisistikası mövzusunda çıxış üçün söz Ədəbiyyat və dillər kafedrasının baş müəlimi Vüqar Teymurxanlıya verilib. V. Teymurxanlı N. Nərimanovun fəaliyyətinin məhz milli köklər üzərində formalaşdığını bildirib. Qeyd edib ki, böyük şəxsiyyətlərin gərgin intellektual əməkləri sayəsində xalq mədəni dirçəlişə nail olur. Belə bir xalq kimi formalaşmağımızda isə N. Nərimanovun müəyyən rolu olub. V. Teymurxanlı məruzəsində N. Nərimanovun Azərbaycan publisistikasında rolu, uşaq ədəbiyyatının dirçəldilməsi, “Sovqat” adlı şəkilli uşaq jurnalının nəşri kimi detallara toxunub. Bildirib ki, onun publisistikasının əsasında ana dilində təhsil məsələsi dayanıb. Publisist xalqı maarifləndirmək, milli müstəqilliyə nail olmaq məsələlərini hər zaman aktual saxlayıb. N. Nərimanovun məqalələrində əksini tapmış Türk dili, onun inkişaf etdirilməsi məsələləri vurğulanıb. Bildirilib ki, N. Nərimanov dil məsələsinə siyasi faktor kimi baxıb. Publisistin dil ilə bağlı yürütdüyü siyasət hələ də problem olaraq qalır.

Daha sonra Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbəsi Səbinə Alxasova N. Nərimanovun həyatı və fəaliyyəti barədə geniş məlumat verib. Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbəsi Elşən Təhməzov N. Nərimanovun ictimai siyasi fəaliyyəti mövzusunda çıxış edib. Bildirib ki, onun ictimai-siyasi həyatı Azərbaycan üçün mühüm rol oynayıb. E. Təhməzov həmçinin çıxışında N. Nərimanovla Hacı Zeynalabdin Tağıyev arasındakı mübahisə kimi maraqlı məqamlara toxunub. Onun Azərbaycanda İslam dilinin zəifləməməsi uğurunda mübarizəsindən bəhs olunub. N. Nərimanovun ədəbi yaradıcılığı mövzusunda isə eyniadlı ixtisasın tələbəsi Əfsanə Quliyeva çıxış edib. Publisistin yaradıcılığı, tutduğu əsas xətt kimi istiqamətlərə toxunulub. N. Nərimanovun Bahadur və Sona romanına baxış mövzusunda həmin ixtisasın tələbəsi Nigar Mikayılova çıxış edib.

Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev N. Nərimanovun oğluna məktubundan bəhs edib. Bildirib ki, məktubda publisisit xalqı üçün çox az iş gördüyünə görə təəssüflənir. Bu isə publisistin təvazökarlığından xəbər verir. Məktub müxtəlif tezislər ətrafında təhlil edilib.

Tədbirin davamı olaraq çıxış üçün söz Ədəbiyyat və dillər kafedrasının rəhbəri Gülşən Ağabəyə verilib. Kafedra müdiri bildirib ki, N. Nərimanov Sovet dövründə başqa cür qiymətləndirilsə də, müstəqillik dövründə layiqincə dəyər alıb. Bildirib ki, siyasi xadimin bolşevizmə qoşulmaqda əsas məqsədi ölkəsinə müstəqillik qazandırmaq idi. Lakin sonradan bolşevizmin mahiyyətini dəyişdiyini anladığı üçün partiya sıralarından uzaqlaşıb və qətlə yetirilib.

Sonda bütün tədbir iştirakçılarına təşəkkür edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?