Magistr adı qazanan məzunlarla görüş

08.07.2024
Magistr adı qazanan məzunlarla görüş

Quba filialının direktoru dosent Yusif Alıyev magistratura imtahanlarında yüksək nəticə əldə edən məzunlarla görüşüb

ADPU-nun Quba filialı yüksək təhsilin əlçatan ünvanı olmaqla bərabər, hazırladığı məzunların ali təhsildə yeni pillələr üzrə inkişaflarında da maraqlıdır. Çünki bütün pedaqoji heyət, başda filialın direktoru dosent Yusif Alıyev olmaqla dərk edir ki, cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Demək olar ki, son 5 ildir filialı bitirən məzunların böyük əksəriyyəti magistratura pilləsində təhsil almaq üçün böyük nəticələr sərgiləyirlər. Nümunə üçün qeyd edək ki, 2022/2023-cü tədris ilində də 194 nəfər məzun tələbədən 40 nəfəri magistratura imtahanlarında iştirak etmiş, onlardan 30 nəfəri keçid balını toplayaraq ixtisas seçimi mərhələsinə buraxılmış, seçim turunda isə ümumilikdə 24 məzun, onlardan 2 nəfər isə ötən ilki məzunlar olmaqla respublikanın müxtəlif ali təhsil müəssisələrinin magistratura pilləsinə daxil olmuşlar. 2023/2024-cü tədris ilində də 203 nəfər məzundan 32 nəfəri magistratura imtahanlarında iştirak etmiş onlardan 21 nəfər məzun qəbul balını toplamışdır.

Bütün kollektiv olaraq Şimal bölgəsinin yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin rekord nəticələrlə magistratura pilləsinə qəbul olmaları ilə qürur hissi keçiririk. Qeyd edək ki, ADPU-nun Quba filialından son 4 ildə magistraturaya qəbul olan tələbə sayına nəzər salsaq son iki ildir ən yüksək nəticə əldə edildiyinin şahidi olarıq. Belə ki, magistraturaya 2021/2022-ci tədris ilində 15 nəfər, 2022/2023-cü tədris ilində 16 nəfər qəbul olsa da, 2022/2023-cü tədris ilində 24 nəfər və bu il – 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş tələbələrimizin sayı 21 nəfər oldu. Onlardan 5 nəfər “Tarix və coğrafiya müəllimliyi”, 4 nəfər “İbtidai sinif müəllimliyi”, 3 nəfər “Riyaziyyat və informatika müəllimliyi”, 6 nəfər “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, 2 nəfər “Təhsildə sosial-psixoloji xidmət”, 1nəfər “Məktəbəqədər təhsil” ixtisaslarının məzunlarıdır.

Aparılan təhlillərə əsasən, bu il ikinci dəfə tələbələrimizin sırasından xarici universitetin magistratura pilləsinə qəbul olan tələbə də var. Filialın “Təhsildə sosial-psixoloji xidmət”ixtisasının tələbəsi Piriyev Nicat Kərim oğlu İtaliyada Roma Sapienze Universitetinin magistratura proqramı üzrə qəbul imtahanlarında iştirak edib və uğur qazanıb

Heç şübhəsiz ki, bu uğurlara ADPU-nun Quba filialının güclü kollektivinin böyük əməyi və məzunların yüksək savadı sayəsində imza atılıb.

Filialın direktoru dosent Yusif Alıyevin “Təhsil hər zaman bütün uğurların açarı olaraq qalacaq. Böyük Nizami oğluna nə deyir? «Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat… Məndən söyləməkdir, səndən eşitmək, Bir insan əliboş gəzməsin gərək» dediyi sözləri layiqincə doğrultmağı bacaran bütün məzunlarımızı, hazırladığımız elm, irfan, mərifət aşiqlərini bir daha səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzu edirik. Uğurunuz uğurumuzdur, əziz məzunlarımız.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?