Mərifət

11.02.2023
Mərifət

      Gündəlik həyatımızda tez-tez eşitdiyimiz  “mərifət” sözü əslində insan kamilliyinin zirvəsidir. Bu zirvəyə gedən yol, sadə dildə desək, özünü dərindən dərk edərək, öz yaradılış qayəsini anlayaraq, haradan gəlib haraya gedəcəyi haqqında düşünərək əsl insan kimi yaşamaqdan, haqq, ədalət, məsuliyyət ünvanlı bir yolu ona layiq formada yeriməkdən ibarətdir. Mərifət insanın ruhunda parlayıb, düşüncə və əməllərində təcəlli edən həqiqət günəşidir. Bu günəşin nuru və hərarəti insanlığın ümid yeri, etibar, etimad mənbəyidir. İnsanı sakit bir dəryaya bənzətsək, onun üzərinə kiçik bir damla kimi düşən mərifət getdikcə genişlənən koncentrik dairələrin səbəbi olaraq mərkəzdə dayanır. Haqq aşiqi Y. Əmrəninin təbirincə desək:

 Mən səni sevirəm candan içəri,

Yolum yoxdur bu ərkandan içəri.

Hayana baxıram, sən orda varsan,

Necə qoyum səni məndən içəri.

…Şəriət, təriqət yoldur gedənə,

Həqiqət, mərifət ondan içəri…

Şərq əxlaqına görə mərifətsiz elm, elmsiz mərifət yoxdur. Bu vəhdət həmişə əsl insanların yaşam amalı olmuş və günümüzdə də həmin həqiqət “Alim olmaq asandır, adam olmaq çətin” ideyası ilə yaşamaqdadır. Mərifətli insanlar öz biliyi, dünyagörüşü, qədirşünaslığı, şəfqəti, səmimiyyəti, insanlara qarşı münasibətlərində dürüstlüyü və s. ilə seçilir. Sözümüzə Aşıq Ələsgər nəsihəti ilə davam etsək:

Haqq sözə gərəkdi, düz qiymət olsun,

Qiyməti vеrməyə mərifət olsun.

İnsanda insanlıq, səxavət olsun,

Nеylərəm ki, cah-calalı varıymış.

Mərifətli olmağı öyrənmək üç-beş günün, yaxud bir-neçə ilin işi deyil, elm kimi o da sonsuz bir prosesdir. Çox təəssüf ki, mərifətli insanlar onların əksi olan cahillər tərəfindən zəif, aciz hesab olunur. Mərifət sahibinin səbri dərin, dili ehtiyatlı olur. Dərrakəsi dayaz cahil başa düşmədyi üçün onun özü ilə ayaqlaşa bilmədiyini zənn edir. Dahi M. Ə. Sabir demişkən: – Söz qanmayana zor ilə qandırmaq olurmu?

Mərifətin misilsiz camalını bir az da yaxından seyr etmək üçün sözümüzə maraqlı bir hekayətlə qüvvət verək:

Ayazın mərifəti

Bir gün bəylər, vəzirlər Mahmud Qəznəvinin yanına gəlib dedilər:

– Bu Ayaz adlı kölənin nə mərifəti var ki sən ona otuz kişinin maaşı qədər haqq verirsən?

Sultan Mahmud bu suala cavab vermədi. Bir neçə gün sonra bəyləri, vəzirləri ilə birlikdə ova çıxdı. Yolda bir karvan gördülər. Sultan Mahmud bəylərdən birinə: – Get öyrən, bu karvan haradan gəlir, – dedi.

Bəy atını sürüb getdi, bir neçə dəqiqəyə qayıtdı:

– Əfəndim, karvan Rey şəhərindən gəlir, – dedi.

Sultan Mahmud: – Yaxşı. Karvan hara gedirmiş? – deyə soruşanda bəy susdu. Sultan Mahmud bunun üçün başqa bir bəyi göndərdi. O da gəlib: – Əfəndim, karvan Yəmənə gedirmiş, – dedi.

Padişah: – Yükü nə imiş? – deyəndə o da susdu. Bu dəfə padişah başqa bir bəyə: – Sən də get yükünü öyrən, – dedi.

Bəy gedib gəldi: – Hər cür mal var, ancaq çoxu Rey kasalarıdır, – dedi.

Padişah: – Yaxşı, karvan nə zaman yola çıxıbmış? – deyə soruşanda bəy cavab verə bilmədi. Beləliklə padişah düz otuz bəyi göndərdi, tam məlumat gətirə bilmədi. Son olaraq padişah Ayazı çağırdı:

– Ayaz, get gör o karvan haradan gəlir?

– Ayaz: – Əfəndim, karvan görünər-görünməz sizin maraq göstərəcəyinizi təxmin edib gərəkənləri öyrəndim. Karvan Rey şəhərindən gəlib Yəmənə gedir, yükü bu, karvan bu qədər at, bu qədər dəvədən ibarətdir və bu qədər də insan var, – deyərək karvan haqqında müfəssəl məlumat verdi.

Bəylər Ayazın otuz adamın görə bilmədiyi işi bacardığına mat qalmışdılar. Padişah bəylərinə dönüb:

– İndi Ayaza nə üçün otuz kişinin maaşı qədər haqq ödədiyimi anladınızmı? Gördüyünüz kimi verdiyim pul Ayazın mərifəti müqabilində hələ azdır, – dedi.

Beləliklə Ayazın mərifətini həzm edə bilməyib onun əleyhinə danışan bəylər utanıb əməllərindən peşiman oldular. (www.masal.org)

Bu hekayətdə Ayazla yanaşı Sultan Mahmudun da yüksək mərifət nümunəsi olduğunu görməmək mümkün deyil.

Mərifət həyatın bütün sahələrində, insanın hər bir əməlində olmalıdır. Hind yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor dərslərin daha maraqlı olması, şagirdlərdə motivasiya yaratmaq üçün təqdim olunan materialın müəllim tərəfindən mükəmməl formada hazırlanmasının vacibliyindən bəhs edərək yazırdı: – Təhsil, mümkün qədər, gərək insanın yediyi qidaya oxşasın. Əgər yediyiniz qida lap birinci tikəni ağzınıza alan dəqiqədən sizə ləzzətli görünürsə, mədəniz ağzınızdan da əvvəl oyanıb açılır. (Seçilmiş əsərləri, 8-ci cild, s.45)

Rus jurnalisti və yazıçısı, uzun illər Çində, Yaponiyada, İngiltərədə “Pravda” qəzetinin müxbiri olmuş Vsevolod Vladimiroviç Ovçinnikov “Palıd kökləri, İngiltərə və ingilislər haqqında düşüncələr” kitabında ingilis mərifətinin qəribəliyindən bəhs edərək yazmışdır: – Küçədə ingilisi itələmiş olsan, avtobusda ayağını tapdalasan və ya kinoda soyunarkən plaşının ətəyini ona toxundursan – o saat dönüb üzr istəyəcək. … Tanımadığı adama nəzakət və iltifat göstərməkdən ingilis məmnun olur, bununla başqalarının yox, hər şeydən əvvəl öz gözündə yüksəlir”. (Bakı, Azərnəşr, 1985, s.137)

İşə gedirdim. Süpürgəçi sanki həsrətində olduğu, ən cox sevdiyi bir işi görürmüş kimi həvəslə küçə kənarını süpürürdü. Sadə bir işə bu qədər şövq göstərməsi çox xoşuma gəldi. Bir qədər qalmış başını qaldırıb boylandı və mənim yaxınlaşdığımı görüb əl saxladı ki, süpürgəsinin tozu qonmasın üstümə. Çatıb salam verdim, işinin avand, gününün xeyirli olmasını diləyib könül xoşluğu ilə yoluma davam etdim.

Mərifət kimi ülvi bir qabiliyyətin bütün təzahürlərini layiqincə təsvir edə bilməycəyimdən və az danışıb çox dinləməyin də mərifətdən olduğu üçün qələmin məsləhətinə qulaq asaraq sözümü belə bitirməli oldum:

Mərifət

Dinləməyi bacarsan,

Elmə qapı açarsan.

Cüt qulaqlar, qoşa göz,

Qurban etmə boşa söz.

Çalış olma söz kəsən,

Öyrən yaxın, özgədən.

Dərdə salar dil səni,

Həm ucaldar bil səni.

Qorxursanmı ilandan,

Elə çəkin yalandan.

Hər işdə bil həddini,

Ədəb əyməz qəddini.

Dəyişir dövran, zaman,

Bel sındırar bir saman.

Alim ol – öyrən yenə,

Arif desinlər sənə.

Haqqı bəyən, tərif et,

Tacın olsun Mərifət!

Allah bizləri mərifət kasıbçılığı ilə sınağa çəkməsin. Amin.

Rahib Alpanlı (Sədullayev),  ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

31.01. 2023

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?