Məkanın cənnət olsun , Nazlı ana !

26.02.2024
Məkanın cənnət olsun , Nazlı ana !

İlahi məkanın cənnət olsun, Nazlı ana

Pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva

Bir nəfər görmədi, səni bir nəfər,

Həyatdan gileyli, bəxtdən narazı.

Bu beyti oxuyan hər kəs düşünər ki, yəqin hansısa bir dözümlü, məğrur, kamil, adil bir kişinin haqqında yazılıb. Bəli, əslində elə bu şeir kişi qeyrətli, məğrur duruşlu, həyatın bütün keşməkeşlərinə sinə gərərək dözmüş, adilliyi ilə ağbirçəklik zirvəsinə ucalmış bir xanım əfəndiyə həsr olunmuşdur. O xanım əfəndi isə dünyanın ən halal süfrəli, tox nəfsli Nazlı xanımdır. O Nazlı xanım ki, ər ocağında dünyaya dəyərli övladlar yetişdirdi, boya başa çatdırıb Vətənə ismarladı. Bax elə bu misraları yazan da onun əllərindən su içmiş, ocağından od götürmüş, dodaqlarından söz götürmüş ər qeyrətli qızı Mahirə Nağıqızıdır.

Mahirə xanım poeziyasında anasını həmişə bax beləcə təsəvvür edirdi: giley-güzarsız, xeyri-dualı, açıq süfrəli-səxavətli. Çünki Nazlı ananın gileyli olmamaq üçün o qədər səbəbi var idi ki… Axı onun insanlara örnək olan, cavan yaşından ağsaqqallıq adı boyuna biçilmiş Həsən Mirzə kimi qardaşı, Vətənin tarixində qələmi, ağılı, sədaqəti ilə imzası olan, sözü bir, əməli bir övladları var. Odlar yurdu Azərbaycanın məğrur övladı olmaq, ona canı – könüldən bağlanmaq, dostunu dost, düşmənini düşmən bilmək hər bir azərbaycanlının borcudur, lakin bunu hər günündə yaşamaq, hər sətrində yazmaq, hər səhifəsində dilə gətirmək hər birimizə nəsib olmur. Vətənə sevgi anaya sevgidən qidalanır, ananı sevmədən Vətəni sevmək olmur. Mahirə xanım Nazlı ananın laylaları, nağılları, bayatlıları ilə böyüyərək günlərin birində Azərbaycan sevgili, vətən sevdalı bir şəxsiyyət kimi meydana gələrək belə dedi:

Ay ana, bilirəm bu kainatda,

Qiymətli nə varsa oyun-oyuncaq

Hər şeyin qiyməti olur həyatda,

Sənin qiymətini tapmadım ancaq.

Anaya verdiyi dəyərə bərabər yalnız Vətənə verilən dəyər var. Hər birimiz doğulduğumuz torpağın, mənsub olduğumuz soyun, içdiyimiz ana südünün, duyduğumuz ana nəfəsinin bir parçasıyıq. Daşıdığımız bütün özəlliklər ilk dünyaya gəldiyimiz zaman bizə yaxınlaşan o ana nəfəsindən güc alır:

Hər dəfə başımı dizinin üstə

Çəkərdi, saçımı oxşardı anam.

Bir onu, bir də ki, qulac saçıma

Dəyən nəfəsini unudammıram.

            Çünki  o ilahi nəfəs xalqa elə gərəkli övladlar bəxş edib ki, onları tanıyan hər kəs o ataya, anaya rəhmət oxuyurlar. Xüsusilə Mahirə xanımın biz gənclər üçün böyük qayğıkeşliklə göstərdiyi elm yolunda əldə etdiyimiz uğurlardan sonra bu təmannasız insana edə biləcəyimiz bir şey qalmırdı. Biz də onu doğub dünyaya gətirən Nazlı anaya dualar edərək öz borcumuzu azacıq ödəmiş olurduq. Bundan sonra isə ona Uca yaradandan rəhmətlər diləyəcəyik. Mənə görə budur ana sevgisini sevgilərə qatmaq. Mahirə xanım hər zaman getdiyi yolda insanlara yararlı olun, xeyirli olun deyən Nazlı ananın öyüdləri ilə yaşadı. Bəzən kiçik uğurlar insanda özündən razılıq, digərlərinə laqeydlik yaradır. Lakin Mahirə xanım hər zaman ömrünün qayğılı və qayğısız günlərindən doğan bütün günlərini ömrünün uğuru sayırdı. Çünki onun uğurları özünün olmaqla yanaşı, həm də bu xalqın poeziyasının işığını parlaqlaşdırırdı.

Bu yerdə Azərbaycan qadını nümunəsini bütün dünyada tanıtdıran və sevdirən Mehriban xanım Əliyevanın bir fikrini qeyd edtmək yerinə düşərdi: Zamanı gəldikdə silahları kitablar, hərbiçiləri alimlər əvəz edəcək və sülhün, mənəviyyatın heç bitməyəcək işığında yaşayacağıq. Bəli, həmin kitablar ki, bu gün öz bətnində ananı, vətəni, mənəviyyatı təmsil edir. Mahirə xanımın qələmindən çıxan kitablar kimi.

Mahirə xanımın ana nəfəsindən aldığı güc bu gün Nazlı ananın ruhuna edilən dualarda daha da artacaqdır. Çünki dünyada bitməyən iki yaxşlıq var ki, onun savabı dünya durduqca durur: ondan birincisi övladın valideyininə etdiyi və aldığı duadır.

Bu duanın ünvanı bəllidir, Mahirə xanım Nağıqızının gənclərə aşıladığı ana nəfəsində yoğrulan, elm çırağından qopan ümid işığı. Həmin işıqda gördüklərimiz də bəllidir: xalqına, vətəninə, dövlətinə sədaqətli, vətən sevdalı, ana nəfəsli, elm çıraqlı qadın! Sizə bu özəllikləri ana laylasında aşılayan, sonra saçlarınızı oxşayaraq nəfəsilə ötürən Nazlı anaya Allahdan rəhmət diləyirik. Mən şəxsən özümə borc bildim ki, bu kiçicik, lakin ruhumdan qopan bu yazımla sizin misralarınızdan xəyalən tanıdığım Nazlı anaya rəhmət diləyim. İnsan görmədən də yüksək dəyər verdiyi insanlar haqqında fikir deyə bilir, çünki bu fikirləri yolumuzda yandırdığınız sönməz elm çırağının işığında görə bilirik.

Valideynin əməlindən övlada, övladın əməlindən valideynə pay düşür deyib böyüklər. Əbədi dünyanın uca ünvanı Allah hər zaman qəlblərdə sevgi ilə yaşayacaq Nazlı anaya rəhmət etsin.

Tarrı övladlarını – Sizləri qorusun !

İlahi məkanın cənnət olsun, Nazlı ana !

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?