ADPU-nun Quba filialında “Fərqliyik, bərabərik” mövzusunda praktik təlim keçirilib

29.03.2023
ADPU-nun Quba filialında “Fərqliyik, bərabərik” mövzusunda praktik təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2 Aprel – Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzin rəhbəri Fidan Bağırovanın təqdimatında “Fərqliyik, bərabərik” mövzusunda praktik təlim keçirilib.

Təlimdə filial rəhbərliyi, “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzin rəhbərliyi və əməkdaşları, Quba Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin psixoloq və pedaqoqları, Quba Mərkəzi Xəstəxanasının həkimləri, valideynlər, filialın TSP ixtisasının məzun və tələbələri, filialın professor, müəllim və əməkdaşları iştirak edib.

Təlimi, filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini, RİİB-in İnkluziv təhsil üzrə 2018/2020-ci illər üzrə koordinatoru Nübar Bayramova açıq elan edib.

Daha sonra açılış nitqi üçün söz filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyevə təqdim edilib. Dosent Y.Alıyev əvvəlcə təlimin keçirilməsində göstərdiyi köməkliyə görə “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzin rəhbəri Fidan Bağırovaya təşəkkür edib, vurğulayıb ki, Fidan Bağırovanın əldə etdiyi uğurlar nəticələr göz önündədir, təcrübi cəhətdən mövzu haqqında onun fikirləri gənc psixoloqlar üçün də əhəmiyyətli olacaqdır. Çünki Fidan Bağırova regionda öz sözünü demiş mütəxəssislərdəndir. Daha sonra direktor həm də çıxışında qeyd edib ki, BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 aprel – Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün hər il geniş miqyasda qeyd olunur. Autizm spektr pozuntusu olan uşaqlar üçün bərabər imkanların inkişafı və gücləndirilməsinə hamımız dəstək olaq!

Daha sonra söz Fidan Bağırovaya təqdim edilib. Təqdimatdan əvvəl Fidan Bağırovanın şəxsən əldə etdiyi nəticələrin bariz nümunəsi olan və illər əvvəl autizm diaqnozu qoyulan Əli və Turan səhnəyə dəvət edilib, onların nitqi bütün auditoriyanı təsirləndirib. Daha sonra çıxışına slaydlar əsasında davam edən Fidan Bağırova əldə etdiyi təcrübələrə dayanaraq autizmli uşaqlarla necə davranılmalı, ilkin diaqnozun necə qoyulmalı olduğu haqqında incə və elmi məqamlara toxunub. Təcrübədən qaynaqlanan videolar nümayiş etdirib. Mövzuya elmi-praktiki cəhətdən münasibət bildirib, auditoriyanın suallarına cavab verib.

Tədbirdə həmçinin Filialın KTŞ müdiri, RİİB-in İnkluziv təhsil üzrə 2018/2020-ci illər üzrə təlimçisi Pərvanə Rzayeva İnkluziv təhsildə əldə edilən yeniliklər, bu istiqamətdə pedaqoji yanaşmalar mövzusuna, Filialın TSP 2101B qrup tələbəsi Sevil Eyvazova İnkluziv təhsilin əhəmiyyəti haqqında mövzulardan danışıblar.

Tədbirin sonunda f.e. d. Yusif Alıyev tərəfindən “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzin rəhbəri Fidan Bağırova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə yaxından əməkdaşlağına və 2 Aprel – Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş “Fərqliyik, bərabərik” mövzusunda mükəmməl praktik təlimə görə təltif edilib, ona kollektiv adından gül dəstəsi təqdim edilib. Sonda tədbirdə iştirak edən psixoloq və pedaqoqlar da çıxış edib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?