Köçürülmək istəyən tələbələrin nəzərinə: Bunları bilmək mütləqdir

Köçürülmək istəyən tələbələrin nəzərinə: Bunları bilmək mütləqdir

Fevralın 1-də tələbələrin www.transfer.edu.az portalı vasitəsilə onlayn köçürülməsinə start verilib. Proses fevralın 7-dək davam edəcək. Müraciət edib imtina cavabı alan tələbələrin imtina səbəbləri isə nəticələr elan olunandan sonra açıqlanacaq.

Adpuquba.edu.az tələbə transferi ilə bağlı tələbələrin bilməsi zəruri olan məlumatları təqdim edir:

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Proses Azərbaycanın bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisnadır.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı zəruri olan minimal keçid ballarını isə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (http://www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə etmək mümkündür.

Köçürülmək istəyən tələbədən bu sənədlər tələb olunur:

– Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd – akademik transkript;

– Təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);

– Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);

– Köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);

– Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

– Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülən zaman həmin qurumun razılıq məktubu.

Tələbənin köçürülmə əmri verildikdən sonra köçürülmədən imtina edə bilməz. Bu zaman tələbə yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət etməlidir. Semestr ərzində tələbə transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?