İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.

Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir. Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.

“Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.

Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Erməni siyasətinin hiyləgərliyi. 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.

Ermənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.

Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.

Obyektiv siyasi həqiqət. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. 13 sentyabr tarixində baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.

13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır.

Güc amili öz aktuallığını qoruyub saxlayır. Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası. 13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”. Mövcud istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatların səbəbi ola bilər.

Xalq-dövlət birliyi. 13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.

13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərkənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb.