Mənim 18 yaşım var. Seçkilərdə ilk dəfə iştirak edəcəyəm. Ali məktəbdə tarix müəllimliyi ixtisası üzrə təhsil alıram, seçkilərin əhəmiyyəti, cəmiyyətdəki rolu barədə ətraflı məlumatım var. Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcəyəm, bu, həyatımın ən yaddaqalan hadisələrindən olacaq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının II kurs tələbəsi Emil İsmayılzadə söyləyib.
İlk dəfə seçkilərə qatılacaq qubalı gənc həm həyəcanlı, həm də qürurlu olduğunu bildirib.
“Seçmək hüququnun böyük əhəmiyyəti var. Azərbaycanda seçki institutunun formalaşması haqqında dərslərimizdə oxumuşuq. Hələ ötən əsrin əvvəllərində Xalq Cümhuriyyətinin qurucuları müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsinə nail olublar. Biz bu haqda bütün beynəlxalq platformalarda fəxrlə danışırıq. Bu gün də Azərbaycanda demokratik dəyərlərə hörmətlə yanaşılır. Hər kəsin seçib, seçilmək hüququ var. Mən də bir gənc kimi yaradılan bu şəraitdən istifadə edib, fevralın 7-də məntəqəyə gedib öz hüququmdan istifadə edəcəyəm. Əsas qürurverici məqam ondan ibarətdir ki, bu seçkilərdə qalib ölkənin vətəndaşları kimi iştirak edəcəyik”, – deyə Emil İsmayılzadə əlavə edib.