Beynəlxalq layihə iştirakçıları ADPU-nun Quba filialında təlim verdi

03.06.2023
Beynəlxalq layihə iştirakçıları ADPU-nun Quba filialında təlim verdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Almaniyanın Erlangen-Nürnberq şəhərində yerləşən Fridrix Aleksandr Universitetinin (FAU) və Qazaxıstanın Almatı şəhərində yerləşən Abay adına Qazax Milli Pedaqoji Universitetinin (Abay Universiteti) nümayəndə heyəti ADPU-nun Quba filialında olub.

Almaniyanın Fridrix Aleksandr Universitetinin Tədqiqat və Tədrisdə Müxtəliflik Mərkəzi nəzdində Təhsil və Beynəlxalq Təhsil Tədqiqatları Şöbəsi tərəfindən “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə – Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” (2021-2023) layihəsi çərçivəsində 2 iyun 2023-cü il tarixində ADPU-nun Quba fililında layihənin Almaniya (FAU), Qazaxstan (Qazax Milli Pedaqoji Universiteti) və Azərbaycan (ADPU) təmsilçiləri tərəfindən geniş tərkibdə görüş keçirilmişdi.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində olan Təlim-tədris mərkəzinin təşkilatçılığı ilə beynəlxalq nümayəndə heyəti ilə ADPU-nun Quba filialının professor-müəllim heyətinə seminar, tələbələr üçün üçün isə təlim keçirib.

Nümayəndə heyətini əvvəlcə filialın direktoru dosent Yusif Alıyev salamlayaraq təlimin filialda keçirilməsinə şərait yaratdığına görə ADPU-nun rektoru professor Cəfər Cəfərova və ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə xanım Hüseynovaya kollektiv adından dərin təşəkkür ünvanladı. Belə layihələrin təhsilin inkişafı istiqamətində əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra direktor vurğulayıb ki, respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Qubada da tolerantlığın qədim ənənələri mövcuddur. Quba Azərbaycan tarixində müxtəlif xalqların və dinlərin birgə, qardaşcasına yaşadığı qədim mədəniyyət və təfəkkür mərkəzi kimi tanınır. Burada Azərbaycan türkləri ilə yanaşı dağ yəhudiləri, tatlar, ləzgilər, qırızlar, xınalıqlılar, ceklər, buduqlular, haputlular əsrlərdir mehribancasına yaşayır və öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayırlar. Dosent Yusif Alıyev qardaş Qazaxstan və Almaniya dövlətlərinin Azərbaycanla yaxın dostluq və iqtisadi əlaqələrinin olmasına da toxunub.

Görüşdə həmçinin Ədəbiyyat və dillər kafedrasının xarici dil müəllimi Dr. Elmira Əliyeva, XM 2201B qrupunun tələbələri Azərbaycan haqqında, Quba haqqında, 44 günlük tarixi müharibə haqqında, Şəhidlərimiz haqqında videoçarxlar nümayiş etdirərək, ingilis dilində təqdimatlarla çıxış ediblər.

Daha sonra proqramın pedaqoji peşəkarlıq və beynəlxalq əlaqələr, eləcə də mədəniyyətlərarası dialoq mövzusunda əhəmiyyətini üzə çıxaran təlim sessiyalarına başlanılıb. Təlim sessiyaları zamanı “Qloballaşmanın xarici dillərin öyrənilməsinə təsiri” mövzusunda Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev, “Azərbaycanda məktəbdənkənar təhsil və onun islahatında beynəlxalq təcrübənin rolu” mövzusunda Xalidə Həmidova və Mirvari Qasımova təqdimatlarla çıxış edib.

Sonra Fridrix Aleksandr Universitetinin (FAU) Tədqiqat və Tədrisdə Müxtəliflik Mərkəzinin rəhbəri professor Anatoli Raxkoçkini və Qazaxstanın Qazax Milli Pedaqoji Universitetinin elmi tədqiqat araşdırmaları Mərkəzinin direktoru Ulzharkyn Abdigapbarova çıxış edərək dünya təhsilində baş verən yeni çağırışlardan və təhsildəki inkişafdan məlumatlar verdi. Natiqlər ADPU-nun Quba filialında möhtəşəm qarşılanmadan, yüksək qonaqpərvərlikdən yana böyük məmnunluqlarını ifadə etdilər. Buna görə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevə layihə tərəfdaşları adından Sertifikat və qiymətli hədiyyələr təqdim etdi. Dosent Yusif Alıyev də öz növbəsində qonaqlara Qubanın simvoluna çevrilmiş “Qızıl alma” hədiyyə etdi.

Təşkilatı məsələlərdə yaxından iştiraklarına görə filialın İKT şöbəsinin müdir müavini Hikmət Musayev, Ədəbiyyat və dillər kafedrasının xarici dil müəllimləri f.f.d. Elmira Əliyeva, b/m Rahib Sədullayev, XM 2201B qrupunun tələbələri də Fəxri diplomlarla təltif edilib.

Sonda xatirə şəklləri çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?