Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi” adlı seminar keçirilib. Seminarda məruzəçi qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxış edib.
Filialın direktoru dos. Yusif Alıyev çıxışında tədbirin keçirilmə zərurətini izah edib. Bildirib ki, qloballaşma çərçivəsində cəmiyyətin bir hissəsində deqradasiya prosesi baş verir, gənclər narkotik və psixotrop maddələrə meyl edirlər. Y. Alıyev vurğulayıb ki, bu məsələlərdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Cəmiyyətin bu bəladan qurtulması yolunda ən böyük dəstəyi isə elə gənclər verə bilər: “Filial olaraq pandemiya dövründə təhsilin kəsilməzliyini təmin etməklə bərabər, tələbələrin sosial-psixoloji tərbiyəsinə də diqqət yetiririk. Bu baxımdan belə tədbirlər önəmlidir. Bu tip görüşlərin gələcəkdə də davam edəcəyini düşünürəm. Narkomaniya bəlasına düçar olan insanların reablitasiya prosesləri vasitəsilə müalicə olunaraq cəmiyyətə qazandırılması üçün çalışmalıyıq”. Direktor məruzəçidən narkomaniya bəlasının ilkin göstəriciləri, gəncləri bu bəlaya cəlb etmə üsulları, rastlaşdığı həyat hadisələrindən danışmasını xahiş edib.
Tədbir filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə davam edib. Ayel Şeydayeva bildirib ki, 30 il ərzində filialda xeyli tələbə təhsil alıb və sevindirici məqamdır ki, onlar arasında bu bəlaya düçar olan yoxdur.
Raqif Allahverdiyev söyləyib ki, narkotik asılılıq dünyanın əsas problemlərindən biridir. Dünya təcrübəsində göstərilib ki, gənclərin bu barədə məumatlılıq səviyyəsi nə qədər çox olsa, nəticə o qədər yaxşı olar. Məruzəçi həm də qurumun bu günə qədər apardığı təbliğatdan, gördüyü işlərdən bəhs edib. Vurğulayıb ki, gənclər çox vaxt yeni növ narkotik vasitələr barədə məlumatsız olur və təsir altına düşürlər. R. Allahverdiyev bu qlobal problemi dövriyyədə kifayət qədər böyük məbləğlərin olması ilə əlaqələndirib. Bildirib ki, BMT-ni hesabatına görə, bu sektorda 500 milyard dövriyyə var. Terrorçuluq, radika dini qrupların əsas maliyyə mənbəyi də elə narkotik vasitələrdir. Həmçinin qeyd edib ki, təkcə 2021-ci ildə 5221 cinayət hadisəsi qeydə alınıb və 4 ton narkotik vasitə müsadirə olunub. Narkotik vasitələrin satışında qadınlardan istifadə edilir. Çıxışda sırf narkotik cinayətlərə görə məhkumluq həyatı yaşayanların, onla arasında qadınların sayı ilə bağlı stastistikalar açıqlanıb. Narkotik maddə istifadə edən şəxslərin görünüşündə baş verən dəyişikliklər, bu vasitələrin xarici görünüşü təsvir edilib. Vurğulanıb ki, narkotik vasitələr cinayətə təşviqdir. Həmçinin istifadəçilər arasında yayılan xəstəliklər, intihara meyillilik, aludəçiliyin fəsadları sadalanıb. Qurumun narkomaniyaya qarşı mübarizə məqsədilə xüsusi qaynar xətt yaratması, elə bunun nəticəsində həmin bəladan əziyət çəkən gənclərin könüllü olaraq məlumat verməyə meyillilikləri qeyd edilib.
Filialın 1-ci kurs tələbəsi Rəşidə Həsənzadənin hazırladığı videoçarx nümayiş olunub.
Tədbir tələbələrlə sual-cavab formatında davam edib.
Sonda filialın tələbəsi Səma Asəfova narkomaniya, onun cəmiyyətə fəsadları istiqamətində çıxış edib.