Bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi;
Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizivə beləliklə, müharibənin taleyi həll olundu;
Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır;
Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır;
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizəöz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.
İşğaldan azad olunmuş ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir
Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır;
Ötən illər ərzində Füzuli rayonunun Azərbaycanda olan hissəsinin inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılırdı.İşğal dövründə Füzuli rayonunun azad olan ərazilərində 12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edirdi. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edildi. Böyük sosial infrastruktur layihələri icra edildi – 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü.
İcra olunan layihələr Azərbaycanın potensialını göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.
“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacaq. Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihəgələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.
Füzuliyə həyat qayıdır. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlərheç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.
Dağıdılmış ərazilər erməni vəhşiliyinin təzahürdür. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib və erməni vəhşiliyini öz gözləri ilə görürlər.
Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Bütün bu bərpa işləri böyük vəsait tələb edir. Azərbaycan heç kimdən heç bir yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.
Azərbaycan ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıdır. Tarixə ədalətli yanaşmalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir – 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr, Azərbaycan – 18 oktyabr. Ona görə, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı.Gələcəkdə düzgün addımların atılması üçün gənc nəsil bu həqiqətləri tanımalıdır. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bu edilmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxt kı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.