Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Heydər Əliyev məktəb-lektoriyasında filialın Vətən müharibəsindən iştirak etmiş tələbəsi, qazi Elvin Seyfəddinovla görüş keçirilib.
14 iyul, 2021-ci il tarixində baş tutan görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Görüş zamanı filialın direktoru dosent Yusif Alıyev E. Seyfəddinova göstərdiyi şücaətə görə, təşəkkürünü bildirib. Qeyd edib ki, Vətən müharibəsi insanların şəxsiyyət kimi bütövləşməsinə təsir göstərib. Çünki Azərbaycan torpaqlarının 30 il müddətində işğal altında olan böyük hissəsi məhz Vətən müharibəsi nəticəsində azadlığına qovuşub. Bu qələbə bütün təbəqələrdən olan insanlara Azərbaycan xalqının imicinin necə yüksəklərdə olduğunu göstərib. Direktor vurğulayıb ki, müharibədə şəhidlərin olması qaçılmazdır, torpaqların müdafiəsi uğrunda bunu qəbul etməliyik. Dos. Y. Alıyev qeyd edib ki. Azərbaycan xalqı daim mənfur düşmənlərlə qonşuluq şəraitində yaşamaq məcburiyyətindədir. Buna görə də, düşmənin hər cür xəyanətkarlıq və müxənnətliyinə hazır olmalıyıq. Direktor vurğulayıb ki, filialın 30-a yaxın tələbə və məzunu Vətən müharibəsində iştirak edib. Bu, filialda təlim və tədrislə yanaşı, vətənpərvərlik ruhunun, dövlətçilik ideyalarının daim diqqətdə saxlanılmasının sübutudur. O qeyd edib ki, E. Seyfəddinovun döyüşlərdə iştirakı bütün tələbələr üçün nümunədir. Y. Alıyev onun bundan sonra da tədrisini qəhrəman kimi davam etdirəcəyinə inamını ifadə edib.
Vətən müharibəsi qazisi Elvin Seyfəddinov bildirib ki, müharibə müddətində Füzuli, Xocavənd, Ağdam istiqamətlərində döyüşlərdə iştirak edib. Müdafiə taborunun tərkibində xidmət edib. 6 əsgər yoldaşından 4-ünün şəhid olması xəbərini eşitdiyi an ordu sıralarına könüllü yazılıb. “Müharibə başlayanda hərbi xidməti başa vurmağıma 90 gün qalmışdı” deyən Elvin Seyfəddinov “Xocavənd uğrunda” medalına, “Vətən müharibəsi iştirakçısı” fəxri adına layiq görülüb. Filialın tələbəsi, Vətən müharibəsi iştirakçısı E. Seyfəddinov fəaliyyətini diqqətdə saxladıqlarına görə, filialın rəhbəri dos. Y. Alıyev başda olmaqla, bütün kollektivə təşəkkürünü bildirib. O, çıxışı zamanı öz döyüş yolundan bəhs edib. Şəhid yoldaşlarının böyük şücaət göstərməsi, əsgər və generalların çiyin-çiyinə döyüşməsinin şahidi olduğunu bildirib. O həmçinin gərgin döyüş şəraiti zamanı mühasirəyə düşmələri, buna baxmayaraq irəliləyərək, həyatlarını təhlükəyə ataraq yaralı döyüş yoldaşlarına kömək etmələri kimi məqamlara toxunub. Bütün döyüşlərdə əsir düşməmək məqsədilə özünü öldürməsi üçün bir gülləni ehtiyatda saxladığını, çətin döyüş tapşırığından öncə ailəsi ilə halallaşmasını xatırlayıb. E. Seyfəddinov işğal altında olan torpaqların minalanmasının, düşmənin döyüş postlarını tərk edərlən onları yandırmasının şahidi olduğunu deyib. Vurğulayıb ki, Vətən müharibəsi alnımızdakı ləkənin təmizlənməsi üçün vacib olan müharibə idi. Bütün əsgərlər analarının ən az döyüşdəki qədər nigaranlıq keçirdiyini, una görə də ən xoş sözlərə layiq olduqlarını söyləyib. Bildirib ki, 4 ilə itirilmiş torpaqların 44 gün ərzində azad edilməsi ilə qürur duyur, yüz il ərzində Türk dünyasın belə bir qəhrəmanlığa şahidlik etməyib. E. Seyfəddinov sosial şəbəkələr üzərindən öncələr də direktor Y. Alıyevlə əlaqə saxladığını, gördüyü səmimiyyətdən məmnun olduğunu bildirib. Filialdakı dəyişikliklərin göz önündə olduğunu söyləyib.
Filialın tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov da Azərbaycan əsgərinin qələbəyə verdiyi töhvəni yüksək qiymətləndirib. Bildirib ki, hər bir əsgərin fəaliyyəti. Həyat hekayəsi arxa cəbhədə olan insanların fəaliyyətinə düzgün istiqamət vermək üçün bir proqramdır. Direktor müavini müharibədən 9 ay öncə keçirilən konfransın gələcək barədə doğru proqnozlar vermək baxımından mühüm olduğunu xatırladıb. Bildirib ki, bütün insanlardakı qələbəyə inam aydın hiss olunurdu. O, Vətən müharibəsindən sağ çıxmış hər bir döyüşçünü şəhidlərin istək və arzularını yerinə yetirən sağ qalmış əsgərlər adlandırıb. Elvin kimi qəhrəman tələbələrlə fəxr etdiyini bildirib.
ADPU Quba filialının Pedaqoji fakültə dekanı Qələmşah İdrisov müharibənin dəhşətlərindən bəhs edib, Vətən müharibəsinin bütün iştirakçıları ilə qürur duyduğunu bildirib. E. Seyfəddinovun timsalında yalnız tələbə deyil, cəbhədən qalib döyüşçü kimi qayıtmış insan gördüyünü vurğulayıb. Döyüş zamanı ölümü gözə aldıqlarını əsas gətirərək hər bir müharibə iştirakçısını yaşayan şəhid adlandırıb.
Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva maraqlı görüş üçün filial rəhbərliyinə və Elvin Seyfəddinova təşəkkürünü bildirib. Xatırladıb ki, E. Seyfəddinov təhsil aldığı vaxtlarda daim sosial aktivliyi ilə fərqlənib. Onun “Multikulturalizmin Quba nümunəsi” layihəsində uğur qazandığını, “Qubanı tanıyaq, tanıdaq” layihəsində fəal iştirak etdiyini söyləyib. Qəhrəmanlığını bundan sonra da daha böyük tribunalardan danışmağı diləyib.
ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev direktr Y. Alıyevin bütün müharibə iştirakçılarını diqqətdə saxladığını deyib. Filialın tələbəsi E. Seyfəddinovun müsbət keyfiyyətlərini sadalayıb. Onunla həm tələbə, həm də qəhrəman kimi fəxr etdiyini bildirib. Onu qlaib əsgər kimi təbrik edib. Həyat yolu ilə digər bütün tələbələrə örnək olmasını vurğulayıb. Filialın daim arxa cəbhənin ideoloji məsələlərini diqqətdə saxladığını deyib.
Sonda ADPU Quba filialının direktoru dos. Y. Alıyev E. Seyfəddinova Azərbaycan xalqına 44 günlük zəfəri yaşatdıqları üçün təşəkkürünü ifad edib. Qazi E. Seyfəddinova təhsilini başa vurduqdan sonra işlə təmin olunması ilə bağlı vəd verib.
Görüşün sonunda xatirə şəkli çəkilib.