Filialın Vətən müharibəsində iştirak edən məzunu ilə rəhbər heyəti arasında görüş keçirildi

ADPU Quba filialının rəhbər heyəti ilə Vətən müharibəsi döyüşlərində iştirak etmiş məzunu Vurğun Beydullayev arasında görüş keçirilib. Görüşdə ADPU Quba filialının direktoru dos.Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, tərbiyə işlər üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı Qələmşah İdrisov və filialın Tarix Coğrafiya müəllimliyi ixtisasının məzunu, Vətən müharibəsi iştirakçısı Vurğun Beydullayev iştirak ediblər.

Görüş rəhbər heyətin Vurğun Beydullayevə təşəkkürü ilə başlanıb. Bildirilib ki, o, Goranboy, Kəlbəcər, Murov, Suqovuşan, Gülüstan, Talış istiqamətlərində gedən döyüşlərdə artilleriya divizyonu tərkibində döyüşüb və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Görüş zamanı direktor Yusif Alıyev filialın məzunlarını qəhrəman kimi görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, direktor və rəhbər heyət Vurğunun timsalında müharibə iştirakçısı olan bütün tələbələrin istənilən problemini həll etməyə, onlara kömək göstərməyə hazırdır. Döyüşlər zamanı Ohanyan səddinin yarılmasından, Füzuli, Cəbrayıl və digər istiqamətlərdə düşmənə ağır zərbələr endirilməsindən söz açılıb. 44 günlük Vətən müharibəsi gedişində taktiki silahlar, Bayraktar PUA-larının rolu, Azərbaycan əsgərinin şücaəti kimi mühüm detallar xatırlanıb. Direktor vurğulayıb ki, Azərbaycan Ordusunun heyəti barədə yayılanan statistika, Ordunun 75%-nin 17-20 yaşlıgənclərdən ibarət olması gənc nəslə qarşı böyük inam, fəxarət hissi yaradır: “Bu qələbədə müəllimlərin də payı var. Çünki Vurğun kimi gənclərin yetişməsində onların valideynləri qədər olmasa da, müəllimlərin də rolu əvəzsizdir.  Onlaröz şükran borclarını yerinə yetiriblər. İllərdir yaşadığımız böyük yarımçıqlığımızı bütövləşdiriblər. Yaxşı ki varsınız”.

Həmçinin bildirilib ki, ADPU Quba filialının Ümummilli lider Heydər Əlyevin adını daşıyan yeni təmirdən çıxmış auditoriyasında ilk görüş məhz Vətən müharibəsi iştirakçısı Vurğun Beydullayevlə keçirilib, bu isə təsadüfi deyil. Çünki sözügedən auditoriya filialın döyünən ürəyidir. Filialın 27 tələbə və məzununun Vətən müharibəsində fəal iştirakı qeyd olunub. Məzuna xidmətinin qalan hissəsini də can sağlığı ilə başa vurmağı arzulayan direktor bir sıra yeni təliflərlə də çıxış edib. Bildirib ki, vətənpərvərlik ruhunu həmişə əsas prioritet kimi saxlayan  ADPU Quba filialının rəhbər heyəti qarşıdan gələn Novruz bayramı ilə əlaqədar şəhid ailələrini ziyarət edəcək. Həmçinin filialın müharibə iştirakçısı olan tələbə və məzunlarının döyüş yolunu əks etdirən fotoların toplanması, bu mövzulu məqalələrdən ibarət kitabın hazırlanması ilə əlaqədar tapşırıqlar verilib.

Filialın tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov isə bildirib ki, Ordunun say tərkibində 17-20 yaşlı gənclərin üstünlük təşkil etməsi yaşlı nəsli düşünməyə vadar edir. Direktor müavini qələbəni gənclərə borclu olduğumuzu vurğulayıb və bildirib ki, bu, gənc nəslin vətənpərlik ruhunda layiqincə tərbiyə almasının göstəricisidir. İsmayıl Mahmudov həmçinin şəhid valideynlərinin ictimaiyyət arasında da fərqləndirilməsi, onlara həsr olunan fərqlənmə nişanının təsis olunması təklifi ilə çıxış edib.

Filologiya fakültəsinin dekanı Qələmşah İdrisov Vətən müharibəsində iştirak edən bütün tələbə və məzunlara dərin təşəkkürünü bildirib. Məhz bu qələbədən ilhamlanaraq yazdığı şeirlərindən bəhs edib və bildirib ki,  onların bəziləri müharibə müddətində şahidi olduğu hadisələrə həsr olunub.

Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva qələbədə payı olan tələbə və məzunlarla sıx ünsiyyətdə olduğunu bildirib və onlardan vətənpərvərlik ruhunun geniş şəkildə aşılanması məqsədilə gördüklərini danşmalarını, döyüş xatirələrini bölüşmələrini rica edib.

Sonda söz Vətən müharibəsi iştirakçısı, filialın Tarix Corafiya müəllimliyi ixtisasının məzunu Vurğun Beydullayevə verilib. O, səmimi görüşə görə, rəhbər heyətə təşəkkürünü bildirib. Qeyd edib ki, əsas olan müharibədən sonrakı dövrdür və bu dövrdə müharibə iştirakçılarını daim diqqətdə saxlayan hər kəsə təşəkkür edir: “Bu, bütün xalqın qələbəsidir. Buna görə hər kəsə minnətdaram”.

Sonda direktor Yusif Alıyev Vurğun Beydullayevi fəxri fərmanlı təltif edi və xatirə fotosu çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir