Ədəbiyyat klubu növbəti uğura imza atıb

18.09.2024
Ədəbiyyat klubu növbəti uğura imza atıb

ADPU-nun Quba filialının “Ədəbiyyat klubu” növbəti ədəbi-musiqili proqramı ilə uğurlara imza atıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycanda Bilik Günü münasibəti ilə təşkil olunan təntənəli mərasimin bədii hissəsi “Ədəbiyyat klubu”nun rəngarəng və maraqlı çıxışları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Belə ki, bədii hissənin ilk çıxışını edən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası I tədris ili tələbəsi Aynur Əliverdieva “Gözün aydın, Azərbaycan” şeiri ilə tədbir iştirakçılarının böyük rəğbətini qazandı. Daha sonra həmin ixtisas üzrə tələbələr Nurlan Hüseynov, Ayaz İmaməliyev, Qərənfil Məmmədova, Nəzrin Gülməmmədova və Xədicə Əliyevanın baş rollarını ifa etdiyi “Təhsilin önəmi” adlı səhnəcik nümayiş etdirilmişdir. Səhnəcikdə qızların oxumasına qarşı çıxan valideynlər, təhsil almadan asan yolla pul qazanmağa çalışan gənclər ifşa edilmiş, xalqın əsl qəhrəmanlarının kimliyi, təhsilin cəmiyyətin həyatındakı rolu kimi məsələlər qabardılmışdır. Tədbirin sonunda isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası II kurs tələbəsi Qazıyeva Türkanə “Bayrağına canım qurban, Azərbaycan” mahnısının ifası ilə iştirakçıları heyran etmişdir.

Bir sözlə, ADPU-nun Quba filialının “Ədəbiyyat klubu” növbəti ədəbi-musiqili proqramı ilə uğurlara imza atıb.

“Ədəbiyyat klubu” 2023-cü ildə Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın təşəbbüsü ilə yaradılmışdır. Hazırda bu klub filialdakı bütün ixtisaslardan olan istedadlı tələbələrin iştirakı ilə fəaliyyətini davam etdirir və davamlı olaraq öz tərkibini yeniləyir.

Xatırladaq ki, sentyabrın 16-da keçirilmiş Bilik Günü mərasimində ADPU-nun Quba filialının diroktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev, şəhid atası Akif Mirzəyev, qazi Ramin Yunuslu və universitetə yeni daxil olan tələbə Aytac Tayıbova çıxışlarında professor-müəllim heyətini və tələbələri yeni tədris ili münasibəti ilə təbrik edərək, hər kəsə uğurlar arzu ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?