Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Dünyada Azərbaycanın tolerantlıq modeli” mövzusunda görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov açdıqdan sonra ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Görüşdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Quba rayon Gənclər İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Quba üzrə nümayəndəsi, daha sonra isə şəhid Elməddin Abdullayevin anası Tahirə Abdullayeva, qazi Alişah Bəkirov, Dağ Yəhudiləri İcmasının nümayəndəsi Rauf Nisanov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, “Nurlu sabah” gənclərin inkişafı İctimai Birliyinin sədr müavini Məhəmməd Abasov iştirak edərək çıxış etmişdirlər. Tədbirdə ADPU-nun Quba filialının, o cümlədən rayonda fəaliyyət göstərən orta-ixtisas və peşə təhsili müəssisələrindən tələbə-gənclər iştirak etmişlər. Sonda Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin istehsalı olan “Biz birlikdə güclüyük” adlı film nümayiş olunmuşdur.