Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) görüşü keçirildi

22.04.2021
Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) görüşü keçirildi

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) görüşü keçirilib. Zoom platforması üzərindən, onlayn şəkildə baş tutan toplantıda şura üzvlərinin hesabatı və struktur-idarəetmə heyətinin yeni  tərkibinin təsdiqlənməsi məsələləri müzakirə olunub.

Görüşdə filialın tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, təlim və tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Doktorant və Gənc Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov və Şura üzvləri iştirak ediblər.

Tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov şuranın yaradılmasını direktor Yusif Alıyevin filialda gördüyü ən təqdirəlayiq işlərdən biri kimi qiymətləndirib. Bildirib ki, şura doktorant və gənc tədqiqatçıların vəzifələrinin yerinə yetirilməsi istiqamətində qüvvələrin səfərbər edilməsində mühüm rol oynayıb. Direktor müavini qeyd edib ki, doktorantların görülən işlər barədə hesabat vermələri çox təqdirəlayiq haldır və elmi inkişafı dah da sürətləndirir. Direktor müavini həmçinin bütün doktorantlara elmi işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış üçün söz filialın direktor köməkçisi Mürvət Əliyevə verilib. M. Əliyev çıxışında bildirib ki, doktorantların filialda həyata keçirilən ardıcıl işlərdə iştirakı reytinq baxımından mühüm rol oynayır. O həmçinin konfranslarda dissertasiya işi ilə bağlı məruzələri, çap olunan məqalələri barədə məlumat verib. Bildirib ki, bütün minimum imtahanlarını uğurla yekunlaşdıra bilib.

Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva “İbtidai siniflərin oxu materialları üzərində dil məşqləri keyfiyyətinin tədrisə təsiri” mövzusunda hazırladığı dissertasiya işi barədə məlumat verib. Mövzu barədə konfrans və jurnallarda çap olunan məqalələr, plagiatlığa qarşı mübarizə istiqamətində dissertasiya işlərinə verilən tələblərdən bəhs edib.

Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova bildirib ki, “Multikultural hazırlığın pedaqoji tərəfləri” mövzusunda dissertasiya işinə uyğun olaraq Azərbaycan Universitetində “heç kimi təhsildən kənarda qoymamaq” prinsipi ilə inkluziv təhsil barədə məqaləsi çap olunub. Həmçinin distant təhsilə psixoloji yanaşmalar mövzusunda digər ali təhsil müəssisələrində təşkil olunan konfranslarda iştirakı barədə məlumat verib.

Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayevanın “Pedaqoji universitetin xəbərləri” jurnalındakı məqaləsi, minimum imtahanları və dissertasiya üzərində gördüyü işlər barədə hesabatı dinlənilib.

Şuranın digər üzvü Kamil Adıgözəlov dissertasiya ilə bağlı görülən işlərdən bəhs edib, müdafiə ərəfəsində olduğunu bildirib.

Görüşdə qeyd edilib ki, Kəmalə Bayramovanın “Süleyman Vəliyevin yaradıcılığında avtobioqrafizm” movzusu ilə bu istiqamət ilk dəfə dərindən təhlil olunur.

Elnurə Əhmədova “Oğuz türklərinin nağıllarında leksik semantik sistem” mövzusu ilə bağlı üzləşdiyi çətinliklər, həll yolları, materialların toplanması barədə məlumat verib.

Sərxan Cəfərov isə bildirib ki, “İngilis dilində ara cümlələrin intonasiya xüsusiyyətləri” mövzusunda olan dissertasiya işi yekunlaşmaq üzrədir və bu istiqamətdə bir sıra konfranslarda iştirak edib.

Günəş Xudayarova beynəlxalq konfransda iştirakını, “Filologiya məsələləri jurnalında  və əcnəbi nəşrlərdə məqalələrin dərcini vurğulayıb.

Sonda Şura sədrinin sədri Elbrus Əhmədovun hesabatı dinlənilib. O dissertasiya üzərində gördüyü işlərdən bəhs edib. Ən azı ayda bir dəfə olmaqla seminarların təşkili təklif edilib. Doktorantlara elmi işlər istiqamətində bir sıra təkliflərini bildirib.

Sonda şura üzvlərinin səsverməsi yolu ilə Elbrus Əhmədov şuranın sədri, Sərxan Cəfərov sədr müavini, Elnurə Əhmədova isə katibi təyin edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?