ŞƏHİD SƏTTƏR PİRİYEV

05.05.2023
ŞƏHİD SƏTTƏR PİRİYEV

“Mən anamın bütün nəsihətlərinə əməl etdim: həm əsgərlərimi, həm də Vətənimi canım bahasına qorudum” ŞƏHİD SƏTTƏR PİRİYEV

ADPU-nun Quba filialının müəllim və XM 2201B və MTT 2201B qruplarının tələbə kollektivi Şəhid Səttər Piriyevin ailəsini və məzarını ziyarət edib.

Şəhid Səttər Piriyevin anası Ofeliya Piriyeva kolleltivi salamlayıb, direktor f.e.d.Yusif Alıyevi Şəhid ailələrinə diqqətinə və təşəbbüsünə görə həmişə alqışladığını vurğulayıb, böyük sevgi və qürurla oğlu Səttərın döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, onun komandir kimi rəhbərlik etdiyi əsgərlərlə davranışından, ailəsinə, bacı və qardaşına qayğısından, təhsil aldığı müddətdə nizam və intizamından ətraflı bəhs edib, 44 günlük müharibə zamanı şərəfli döyüş yolunu da danışıb, yeganə istəyinin övladının adının həmişə gənclər tərəfindən xatırlanması olduğunu qeyd edib.

Daha sonra filialın THİK sədri Aygün Şıxbabayeva kollektiv adından simvolik hədiyyəni Ofelya Piriyevaya təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib, Şəhid Səttər Piriyevin və Şəhid Musa Məhəmmədovun məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub.2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı “Qızılqaya” və “Üçtəpə” adlandırılan ərazilər istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?