Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə mütəmadi olaraq respublikanın müxtəlif ali təhsil müəssisələrində tələbə və gənclərlə görüşlər təşkil edir. Bu məqsədlə, 14 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin, DİM-nin Xaçmaz Regional bölməsinin birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialında “Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Filialın direktoru dosent, f.e.d. Yusif Alıyev, DİM –in Dövlət startegiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasovun və DİM –in Xaçmaz Regional bölməsinin müdiri Faiq Nadirsoy, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d.A.Şeydayeva və fakültə dekanı v.m.i.e. M. Əliyevin iştirakı ilə Filialda yeni yaradılan “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”ilə tanışlıq olub, əvvəlcə qonaqlar “Azərbaycan – Özbəkistan dünən və bu gün” stendi ilə tanış olub, stenddə ulu öndər Heydər Əliyevin tarixi fotoları ilə, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan və Özbəkistan Respublikası arasında qurulan diplomatik və qardaşlıq əlaqələrini əks etdirən fotolar haqqında məlumat əldə ediblər. Həmçinin Mərkəzin giriş hissəsində Azərbaycan və Özbəkistanın tarixi şəxsiyyətlərinin, alim və ziyalılarının xatirə stendləri, qiymətli kitablardan ibarət sərgi, divarda çəkilmiş rəsmlərlə, 8 türk dövlətinin bayrağı ilə tanış olublar. Mərkəzdən sonra Filialın direktoru həm də qonaqlara yeni tipli auditoriyaları, Filialın tarixini əsk etdirən guşə və stendləri təqdim edib.
“Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” adlı tədbiri açıq elan edən Filialın direktoru dos.Y.Alıyev filialda aparılan kadr siyasəti haqqında danışıb, dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə gənclərin məlumatlandırılmasına həsr edilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən DİM –in Xaçmaz Regional bölməsinin müdiri Faiq Nadirsoy son dövrlər regionda gənclərin dövlət qulluğu sahəsində keçirilən imtahanlarda iştirak dinamikasına diqqət çəkib, DİM-nin fəaliyyətində səmərəliliyin artırılması istiqamətində həm Bakıda, həm də şimal rayonlarında görülən işləri qeyd edib.
Sonra Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu imtahanlarının tarixi və iştirak qaydaları, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğu sahəsində son bir il ərzində həyata keçirilən yeniliklər, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, bu istiqamətdə əvvəl və sonrakı ənənələr, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri haqqında geniş məlumat verib, Azərbaycanda dövlət qulluğuna qəbul qaydaları, formaları və dövlət qulluğu siyasətinin əsas strategiyaları barəsində bukletləri təqdim edib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tədbirdə 200-dən çox iştirakçı olub.