“Dava” oyunu

03.04.2023
<strong>“Dava” oyunu</strong>

      İraq olsun, üçüncü dünya müharibəsinin astanasınacan gəlib çxımış Rusiya-Ukrayna müharibəsi uşaqlığımızda oynadığımız “dava” oyununu xatırladır mənə.

     Uşaqlıq illərində ən çox sevib oynadığımız oyunlardan biri də “dava” oyunu idi. Saatlarla davam edən bu oyunda sovet və alman əsgərləri kimi iki cəbhəyə bölünüb vuruşardıq o ki var. Taxtadan hazırladığımız “avtomat”, “tüfəng”, “tapanca” ilə silahlanıb, öz səsimizlə onları yamsılayaraq atəş açar, şərti düşmən əsgərlərini öldürər, əsir alardıq. Digər oyunlarda olduğu kimi, bu oyunun da sonu çox vaxt əsl dava ilə bitərdi, döyülənəlr də olardı, söyülənəlr də. Davamız daha çox tapanca ilə döyüş zamanı “qayda”nı pozmaq üstündə düşərdi. Birinci atəş açanın güllə səsinə yıxılmayan düşmən qaydanı pozar və aləm qarışardı. Üç barmağımızı özümüzə tərəf qatlayıb, şəhadət barmağımızı da düşmənə tuşlayanda biz bu jestin nə qədər dərin məna daşıdığından xəbərsiz olmuşuq. Uşaq ağlımız düşüncəmizin dərinliyini görə bilməyib.

    Kimlərəsə tapanca lüləsi kimi tuşladığımız şəhadət barmağımız qarşı tərəfin bir günahı olduğuna, qatladığımız və iradəmizdən asılı olmayaraq bizi göstərən üç barmağımız isə bizim üç günahımız olduğuna işarə edirmiş.

   Bu oyunu uşaqlıq illərində oynadığımız üçün bizi heç kəs qınamırdı. Bu gün V. Putin və Zelenski kimi yetkin, seçilmiş insanların, siyasi liderlərin apardıqları “dava” oyunu, demək olar ki, dünyanın bütün sakinləri tərəfindən qınanır. Özləri biruzə etməsələr də, hər iki lider də bu oyundan yorğun düşmüş kimi görünür. Birinci atəş açan ikincini tapanca səsi çıxan kimi yıxılmamaqda, ikinci tərəf isə birincini gülləsinin boşa çıxdığına görə ittiham edir. Tərəflərin irad və ittihamlarına baxmayaraq, “dava” oyunu davam edir, yeganə qazanc olaraq ölənlər, yaralananlar, əsir düşənlər, darmadağın olunan meşələr, bağlar, yaşayış məntəqələri, insanların on illər ərzində yaratdıqları gözəlliklərin sayı hallanır. Adı nə qədər oyun olsa da, bu dava bir orqanizm olan dünyanın tükündən dırnağıncan bütün vücuduna çox ciddi təsirini göstərməkdədir. Dayandırılması zahirən son dərəcə çətin görünən bu qanlı münaqişəni sonlandırmaq bir o qədər də çətin deyil. Hər iki ölkənin başçılarını uşaqlıq illərimizin tapança ilə “dava” oyununa dəvət edə bilsək, nə onlar peşman olar, nə də biz nəticisəni düşünməyin belə ağlasığmaz olduğu üçüncü dünya müharibəsi təhlüksənin vahiməsini yaşamış olarıq. Bəlkə biri düşməninə tuşladığı əlinə baxar və öz ibrət payını alıb dərin-dərin düşünər.  Düşünər və öz günahını anlayar. Axı aylardır ki arzuları yanıb külə dönən uşaqlar kimi hər iki ölkə rəhbəri də bir zamanlar uşaq olublar.

    Zərərin yarısından qayıtmaq da kardır deyiblər. Yüz il davam etsə də, müharibələr sülh ilə bitir. Rusiya öz yaxın keçmişini, 1941-1945-ci illər müharibəsini xatırlamaq istəsə öz əlinə birinci baxar, özünə hədəflənmiş üç barmağı beşə vurub, on beş alar. O zaman onu faşismin cəngindən qurtaranların sayı bir deyil, on beş idi. İndi gah öz keçmiş xilaskarlarını bir-birinin üzərinə çalışdıraraq, gah da özü onlara hədə-qorxu gələrək öz hegemonluğunu nümayiş etdirməyə çalışan Rusiya cəbhənin öz ərazisinə keçə biləcəyini təsəvvür edirmi görəsən?

    Daha ciddi bir məsələ büdrəyəni yıxmağa çalışan, yanan yerə su deyil, yağ tökməyi üstün tutanların qaynar nöqtələrin alovlanmasına can yandırmalarıdır. Adını belə dəyişsə də, qonşuluğumuzdan yaxasını qurtara bilməyəcək Ermənistan Fransa, İran, Rusiya kimi başqasının oduna qızınmaq istəyənlərin havadarlığına uyub, hər vasitə ilə sülh müqaviləsini imzalamaqdan boyun qaçırmağa cəhd edir, dərin sularda üzməyə qadir olmayan tale gəmisini maymaqcasına başqalarının, onu məchul istiqamətə yönəldənlərin  ixtiyarına verir. Bir həqiqəti də unutmaq olmaz ki, başqasına qazdığın quyuya özünün düşmək ehtimalı da vardır.

   Bütün dini kitablarda qonşuluq münasibətləri, qonşuluq haqları çox yüksək qiymətləndirir. Götürək elə müqəddəs “İncil”də qonşuluq haqqında çoxsaylı əmrlərdən birini: “Qonşunu özün kimi sev.” (Mark 12:31)

     Öz egosuna görə  “Olum, ya ölüm” dilemmasına qul olub qonşuluq haqlarını tapdamaq, dünyanı məhv etmək uşaqların “dava” oyununa uyğun gəlmədiyi kimi, qaşınmayan yerdən qan çıxarmaq təşəbbüsləri də qonşu adına yaraşmır.

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?