Bu gün ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin doğum günüdür.

07.04.2022
Bu gün ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin doğum günüdür.
Hörmətli direktorumuz dosent Yusif Alıyevi filialın bütün əməkdaşları, professor, müəllim və tələbə kollektivi adından səmimqəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik.
ELMİN XƏRİTƏSİNİ ÖYRƏDƏN ALİM
“Elm adamlarının arzuları həmişə əlindəki imkanlarından böyük olur. Elə ən böyük çətinliklər də bu arzuların yerinə yetirilməsi ilə bağlı olur. Lakin artıq dünya o qədər kürəsəlləşib ki, arzuların həyata keçməsi də asanlaşıb. Belə ki, indi hansısa bir alim internetdən axtarış versə tədqiqat apardığı sahə üzrə dünyaca məşhur onlarca tədqiqatçı tapa bilər. Beləliklə, bir vaxtlar cihaz və qurğuların əldə edilməsində çətinlik çəkdiyimizdən bir çox ölçmələrdə rastlaşdığımız subyektiv baryerlər indi aşılmış olur və sənə bu sahədə dəstək olmağa hazır olan insanlar tapılır. Çünki o insanlara da sənin tədqiq etdiyin sahə maraqlı gəlir, yəni onlar da öyrənirlər.”
Dos.Yusif Alıyev
Öz taleyini Azərbaycan elminin inkişafı ilə bağlayan Yusif İmrayıl oğlu Alıyev — Azərbaycan alimi, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi 2021-ci il, fizika üzrə fəlsəfə doktoru, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri 2011-2016, AMEA Fizika İnstitutunun böyük elmi işçisi, dosent, 2019-cu ilin avqust ayının 26-dan isə ADPU-nun Quba filialının direktorudur. 100-dən çox elmi məqalə (32 məqalə SCI, Q1 jurnallarda) və tezisin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir. Dos. Y.Alıyev 2022-ci ildə həm də elmlər doktorluğu prqoramı üzrə də uğurla müdafiə etmişdir.
Təkcə elə son bir ilin elmi nailiyyətlərinə, istinadlara baxmaq kifayətdir ki, dosent Y.Alıyevin elm üçün çəkdiyi zəhmətləri görmək mümkün olsun. Dünyaca məşhur “Taylor & Francis” nəşriyyatının yüksək impakt faktor göstəricili nüfuzlu “Integrated Ferroelectrics” Beynəlxalq jurnalında S. H. Jabarov, Y. I. Aliyev, T. M. Ilyasli, A. A. Baylarova, A. O. Dashdemirov, V. I. Nasirov, N. A. Ismayilova, G. M. Aghamirzayeva, M.N. Mirzayev müəllifliyi ilə “AgCuS Compound as a Thermodynamic System under the Influence of Gamma Rays” adlı məqalə çapa qəbul olunub. Yusif Alıyevin kristalloqrafiya ilə məşğul olan bir insan kimi, “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan, yuksək impakt faktorlu jurnallarda 2019-cu ildə 5, 2020-ci ildə 7, 2021-ci ildə 4, 2022-ci ildə isə 3 elmi tədqiqat işinə həsr edilmiş məqaləsi yer almışdır. 2022-ci ilin mart ayında məşhur “Springer” nəşriyyatının 2.3 impakt faktorlu, Q1 kateqoriyalı təsnifata daxil olan “Arabian Journal for Science and Engineering” dərgisində “Structural, Vibrational, and Dielectric Properties of CuInZnSe3 Chalcogenide Compound” məqaləsi jurnalın növbəti nömrəsində çap olunub.
Qeyd edək ki, Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur.
1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavraturasını, 2002-ci ildə həmin universitetinin Fizika fakültəsinin magistraturasını “Optoelektronika” ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-2013-cü illərdə AMEA Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri olmuşdur. 2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərir.
14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri, 15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri və baş mütəxəssis vəzifələrində işləmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub. 20 fevral 2017-ci ildən 10 sentyabr 2017-ci ilədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) təyin edilmişdir. 15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 03 oktyabr 2017-ci il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 oğlu var.
ADPU-nun rektoru professor Cəfər Cəfərovun təqdimatı, Təhsil nazirinin əmri ilə filiala 2019-cu ildə direktor təyin edilən dosent Yusif Alıyev öz əməli fəaliyyəti ilə işini, rəhbər kimi isə idarəetməni peşəkarcasına həyata keçirə bilib. Dos.Y. Alıyev həm də filiala direktor təyin olunduğu gündən bu yana irəli sürdüyü ideya və təşəbbüslərlə, həyata keçirdiyi yeniliklərlə bütün kollektivin-tələbə və əməkdaşların yüksək hörmətini qazanıb. Yusif Alıyev filialın tarixi, bu günü üçün sarsılmaz bir fəaliyyətlə, əzmlə çalışır. Onu qeyd etmək də yerinə düşər ki, filialda rəhbərlik fəaliyyətinin ilk dövrlərində elmin inkişafı üçün atılan addımların nəticəsi olaraq filialın doktorant və dissertantlarının sayı artmış, filialın 3 nəfər əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etmiş, əməkdaşlardan iki nəfəri isə dosent olmaq üçün sənədlərini təqdim etmişlər. Məzun olan tələbələrimiz sırasından magistratura imtahanlarında nəticə göstərərək, filial tarixində ilk dəfə olaraq filialın 23 tələbəsi magistratura imtahanlarında uğur əldə etmiş və müxtəlif universitetlərə qəbul olmuşlar.
Filialda dos. Y.Alıyevin rəhbərliyi ilə həm də əməkdaşlıq əlaqələri genşlənir. Polşanın Poznan Universiteti, Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümünün, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Şimali Kpir Türk Cümhuriyyətinin Girne Amerikan Üniversitetinin, Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Avstraliya Özbəkistan universitetlərinin, Qars Kafkas Universitetinin, Türkiyə Qafqaz Universitetinin, Kayseri Universitetinin, Türkiyə Cumhuriyyəti Çankırı Gazi Mesleki ve Teknik Anadolu Lisesini və digər universitetləri nümunə göstərmək olar.
Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, müxtəlif layihələrdə müntəzəm iştirak edirlər. ADPU Quba filialını qurtaran gənc mütəxəssislərin xoş soraqları bugün müxtəlif məktəblərdən, maarif şöbələrindən, təhsil ocaqlarından gəlir. İlk gündən filialda mövcud situasiyanı düzgün qiymətləndirərək əməkdaşlar və tələbələr arasında sağlam əməkdaşlıq mühitinin gücləndirməsi, nizam-intizamın möhkəmləndirilməsinin təmin edilməsi nəticəsində yeni şöbələr yaradılmışdır, Kitabxana və elektron resusrlar şöbəsi, Keyfiyyətin təminatı şöbəsi, İnsan resusrları şöbəsi və digər bütün şöbələrdə iş bölgüsündə bacarıqlar, səriştəlilik nəzərə alınmış, filialda ilk dəfə Reytinq qiymətləndirilməsi keçirilməklə pedaqoji kollektivin elmə marağı stimullaşdırılmışdır. Həmçinin yeni Akt zalı, Heydər Əliyev lektoriyası, İKT laboratoriyası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir.
Filialda elmin inkişafı üçün və tədrisin daha əlçatan olması üçün atılan addımlardan biri də kitabxana fondunun zənginləşdirilməsi, Kitabxana və elektron resusrslar şöbəsində fiberoptik intetnet şəbəkəsinin gücləndirilməsi, yeni tipli kompüterlərin istifadəyə verilməsi, 92 adda 204 nüsxəyə yaxın dərslik, dərs vəsaitləri və xarici ədəbiyyatların alınmasıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və təşkilatçılığı ADPU-nun rektoru professor Cədər Cəfərovun dəstəyi ilə dünyanın 6 ölkəsinin 11 universiteti bir ortamda araya gələrək filial tarixində möhtəşəm ilkə imza atıldı. Belə ki, may ayının 14-də ADPU-nun Quba filialı dünyanın əksər ölkələrində ali təhsilin onlayn formada həyata keçirilməsini nəzərə alaraq bu sahədə qarşılıqlı təcrübələrin öyrənilməsinə böyük ehtiyac olduğundan ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq onlayn seminara ev sahibliyi etdi. “Zoom” proqramı platforması üzərindən təşkil edilən Beynəlxalq onlayn Seminarda Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümünün, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Şimali Kipir Türk Cümhuriyyətinin Girne Amerikan Üniversitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin təhsil sahəsində tanınmış məruzəçilərin və Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının, ADPU-nun filiallarının nümayəndələri iştirak etdi.
Filial “Regionlarda ali təhsil təhsil: reallıqlar və perspektivlər.” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməklə, həm də aşağıdakı universitetlərlə əməkdaşlıq etmiş, konfransda ADPU-nun prorektoru Asəf Zamanov, Türkiyə Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Tiraspol Dövlət Universitetinin rektoru Eduard Koropseanu, AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, MDU-nun rektoru Şahin Bayramov, Qırğızıstan Təhsil Akademiyasının vitse-prezidenti Ulanbek Mambetakunov, Girne Amerikan Universitetinin departament direktoru Orhan Hasanoğlu, Bursa Uludağ Universitetinin Təhsil fakültəsinin dekanı Salih Çepni çıxış etmişlər.
Bütün bu görülən işlərin isə rəhbərlik üçün yalnız bir məqsədi var idi, filialın ümumi inkişafı, gənclərin dövlət, cəmiyyət üçün yararlı kadr kimi yetişdirilməsi, onların dünyagörüşünün formalaşdırılması, Azərbaycan elminin inkişafı, filialın beynəlxalq səviyyədə adının tanıtdırırlması.
Biz də kollektiv üzvləri olaraq direktorun yorulmaz əməli və elmi fəaliyyətində uğurlar arzulayır, ona yeni-yeni nailiyyətlər diləyirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?